Bu ilin 9 ayı ərzində ölkənin 25 sığortaçısı tərəfindən 390 mln. manat həcmində sığorta haqqı toplanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 mln. manat və ya 15,1% çoxdur.
Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 167 mln. manat təşkil edib ki, bu da ötən ilə nisbətdə 31% çoxdur.
Könüllü və icbari sığorta növləri üzrə də müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin 9 ayı ərzində könüllü sığorta növləri üzrə haqlar 18,7%, ödənişlər isə 32,2% artaraq, müvafiq olaraq 250,8 və 125,4 mln. manat təşkil edib. İcbari sığorta növləri üzrə haqlar 9%, ödənişlər isə 27,7% artaraq müvafiq olaraq 140 və 41,5 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində toplanmış sığorta haqlarının 29,7%-i və ya 116 mln. manatı həyat sığortasının payına düşüb. Belə ki, könüllü sığorta növü üzrə həyat sığortası bazarında yığım 42,4%, ödəniş isə 1,9 dəfə artıb. Həyat sığortasındakı yığımların 52,7% və ya 61 mln. manatı həyatın yaşam sığortasının, 24%-i və ya 27,8 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 23,1%-i və ya 26,9 mln. manatı həyatın ölüm halından sığortasının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası 1,2 dəfə, həyatın ölüm halından sığortası 2,7 dəfə artıb.
Könüllü sığorta növü üzrə qeyri-həyat sığortası bazarında yığım 8,9%, ödənişlərin həcmi isə 1% artıb. İcbari sığorta növü üzrə bu göstəricilər müvafiq olaraq 10,8% və 26,1% artıb. Əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta, dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, həmçinin peşə məsuliyyətinin sığortası növləri üzrə yığımlar olsa da, sığorta hadisəsi baş verməyib və sığorta ödənişləri edilməyib.
Cari ilin 9 ayı ərzində ümumi ödənişin 75,1% könüllü sığorta növlərinin, 24,9% isə icbari sığorta növlərinin payına düşüb. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin müvafiq dövrü üzrə 37,6 manat təşkil edib.