İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti işgüzar forumu bu gün Siyəzən rayonunun Böyük Həmyə kəndində təşkil edilib.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forum çərçivəsində Siyəzən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq, zeytunçuluq və cins heyvandarlıq təsərrüfatlarının, badam bağlarının salınması və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev fondun özəl bölmənin inkişafı, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Siyəzən rayonundan olan 95 sahibkara 16,8 mln. manat güzəştli kredit ayrılıb. Qeyd edilib ki, ümumilikdə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2346 investisiya layihəsinin maliyyələşdirilməsinə 185 mln. manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 200 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək.