Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin dekabr ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 88,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,1% və ya 7,8 mln. manat azdır.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, oktyabr ayında olduğu kimi noyabrda da dövlət büdcəsindən AİF-ə vəsait ayrılmayıb.
Bu ilin yanvar-noyabr aylarında AİF 120 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
Artıq 5 aydır ki, fondun istiqrazı yerləşdirilməyib.
AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin dekabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 114 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,81%, aylıq ödəniş isə 331,6 manat təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 328 manat, orta müddəti 277 ay, orta faiz dərəcəsi 6,89%, aylıq ödəniş isə 319,6 manat təşkil edib.