Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 5 illik yubileyi və ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzinin açılışı münasibətilə mərasim keçirilib.
"APA-Economics" xəbər verir ki, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycanda səfərdə olan Seneqal Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti, iş adamları və Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Herman ofisin 2009-cu ildə təşkilatla DGK arasında imzalanan memoranduma əsasən inşa olunduğunu və 2011-ci il oktyabrın 17-də fəaliyyətə başladığını bildirib. Rəhbərlik etdiyi qurumun ÜGT-nin 6-cı regional ofisi olduğunu və Avropa regionu üzrə 52 ölkəni əhatə etdiyini diqqətə çatdıran R. Herman ofisin fəaliyyətində hərtərəfli dəstəyə görə Azərbaycan gömrük xidmətinə təşəkkürünü ifadə edib. Fəaliyyəti dövründə ofisdə bir sıra seminar və konfransların keçirildiyini qeyd edən R. Herman bu tədbirlərin region ölkələrinin gömrük xidmətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Ofisin yanında fəaliyyətə başlayacaq ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzindən də bəhs edən R. Herman konteynerlərin yük daşımada əhəmiyyətli rol oynadığını, dünyada gedən iqtisadi proseslərin fonunda tezliklə bölgə ölkələri vasitəsilə yüz minlərlə konteynerlərin hərəkət edəcəyini bildirib. R. Herman yüklərin təhlükəsiz və sürətli daşınmasını təmin edəcək gömrük orqanlarının və əməkdaşlarının bu sahədəki bacarıqlarının artırılmasında Mərkəzin önəmli rol oynayacağını vurğulayıb.
Sonra A. Əliyev çıxış edərək tədbirin əlamətdar bir gündə - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümündə keçirildiyini vurğulayıb və bayram münasibətilə iştirakçıları təbrik edib.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanın bütün sahələr üzrə sürətlə inkişaf etdiyini diqqətə çatdıran A. Əliyev gömrük orqanlarının da ölkənin inkişafında mühüm rol oynadığını söyləyib. Müstəqilliyin ilk illərində səriştəsiz dövlət idarəçiliyinin gömrük işi sahəsində də tənəzzülə səbəb olduğunu, lakin 1995-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində bu sahədə kəskin dönüş yarandığını bildirən DGK sədri bu gün Azərbaycan gömrüyünün tətbiq etdiyi innovativ layihələr, modernləşmə istiqamətində apardığı islahatlar, ixtisaslı kadrlar və gömrük işi sahəsində əldə etdiyi nailiyyətlərlə beynəlxalq aləmdə tanındığını vurğulayıb.
A. Əliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan ÜGT-nin həm Regional Tədris Mərkəzi, həm Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisi, həm də Regional Kinoloji Mərkəzinin mövcud olduğu yeganə dövlətdir. Bundan başqa, Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin dünyada yeganə ofisi də Azərbaycanda yerləşir və bu, ölkəyə, eləcə də onun gömrük xidmətinə olan etimadın nümunəsidir.
Daha sonra DGK sədri ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Hermana təltif olunduğu Dövlət Gömrük Komitəsinin “Gömrük əməkdaşlığının inkişaf etdirilməsində xidmətlərinə görə” döş nişanını təqdim edib.
Mərasimdə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın tədbir iştirakçılarına videomüraciəti də nümayiş olunub.
Eyni zamanda, mərasimə qatılan ÜGT Baş katibinin Avropa regionu üzrə müavininin nümayəndəsi Peter Adamec, Macarıstan Gömrük Xidmətinin nümayəndəsi Gabar Tamas və BMT-nin Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev çıxış edərək tədbir iştirakçılarına təbriklərini çatdırıblar.
Daha sonra Konteyner və Karqo Üzrə Təlim Mərkəzinin açılışı olub. Mərkəzlə yaxından tanış olan qonaqlar burada yaradılan şəraitdən razılıqlarını bildiriblər.