Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda ötən ilin yekunlarına görə vergi bəyannamələrinin 90-95%-i vaxtında təqdim edilib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinə əsasən hər ilin yanvar-mart ayları ayrı-ayrı tədiyyələr üzrə bəyannamə və hesabatların vergi orqanlarına təqdim edilən dövrü hesab olunur. Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi ilə yanaşı, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin də 01.01.2013-cü il tarixdən qüvvəyə mindiyini nəzərə alaraq, cari ilin əvvəlindən etibarən vergi orqanları tərəfindən geniş məlumatlandırma və izahat işləri aparılıb, vergi ödəyiciləri ilə görüşlər keçirilib. Belə ki, yanvar-mart aylarında ümumilikdə vergi orqanları üzrə vergi ödəyiciləri ilə 264 görüş və treninq keçirilib, 2 759 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi orqanlarında 23 224, xidmət mərkəzlərində 29 34 vergi ödəyicisi qəbul edilərək onlara aidiyyəti xidmətlər göstərilib.
Nəticədə 2012-ci ilin yekunlarına görə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan illik vergi bəyannamələrinin 96,2%-i, mənfəət vergisi bəyannamələrinin 95,1%-i, gəlir vergisi bəyannamələrinin 97,8%-i, yol vergisi bəyannamələrinin 94,3%-i, əmlak vergisi bəyannamələrinin 90,3 %-i vaxtında təqdim edilib.
Hesabat dövrünün yekunları üzrə yanvar-mart aylarında təqdim edilməli olan 312 091 bəyannamənin 96,8%-i vaxtında təqdim edilib, onlardan 94,3%-i elektron formada olub.