Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2016-cı ilin fevral ayının 1-nə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 1,24% artıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayı ərzində DSMF tərəfindən əlavə olaraq 347 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 28 215-ə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,83%-ni (24 780 nəfər) kişilər, 12,17%-ni (3 435 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 431 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə II yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 3 037-yə, III yerdə gələn Rusiyanın vətəndaşlarının sayı isə 1 718-ə çatıb.
Sonrakı yerlərdə Hindistan (1073), İran (984), Çin (863), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (596) Pakistan (550), Banqladeş (486), Ukrayna (464), Özbəkistan (286), Filippin (257), Almaniya (256), ABŞ (252), Qazaxıstan (224), Türkmənistan (214), İtaliya (200), Bosniya və Hersoqovina (162), Polşa (139), Malayziya (121) və s. ölkələr gəlir.