Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” Azərbaycanda fəaliyyəti göstərdiyi 5 il ərzində bank aktivlərini 10 dəfə, kredit portfelini 18 dəfə və depozit portfelini 11 dəfə artıraraq fəaliyyətinin bütün əsas istiqamətləri üzrə yüksək göstəricilər əldə edib.
“APA-Economics”in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.
Onun sözlərinə görə, uğurlu fəaliyyətin nəticəsi kimi, bank Azərbaycan iqtisadiyyatının inkişafında əsas rol oynayan banklardan birinə çevrilib.
2010-cu ildən başlayaraq bank aktiv şəkildə müştərilərinə geniş spektr bank xidmətləri göstərməyə başlayıb. Bu müddət ərzində bankın aktivləri 10 dəfə artıb və dekabrın 1-nə 280 mln. manat təşkil edib.
“Fəaliyyəti ərzində bankın kredit portfeli təqribən 18 dəfə artıb. Əgər 2010-cu ildə kredit üzrə portfel 15,2 mln. manat təşkil edibsə, dekabrın 1-nə bu göstərici 272 mln. manatı ötüb. Bankın mütəxəssislərinin proqnozlarına görə, 2014-cü ildə bankın kredit portfeli 286 mln. manat keçəcək. Bunlardan 58,5 mln. manatı korporativ biznesin payına, 228,5 mln. manat isə pərakəndə biznesin payına düşüb”, - deyə Y. Yakovlev bildirib.
5 il ərzində depozit portfeli 11 dəfə artaraq hesabat dövrünə təxminən 20 mln. manata çatıb. Bankın mənfəəti 4 mln. manatı keçib.
Hesabat dövründə müştərilərin sayı 24 265 nəfərə çatıb. Onlardan 479 nəfər korporativ müştərilər, 23 785-i isə pərakəndə müştərilərdir. Universal maliyyə institutu kimi, “Bank VTB (Azərbaycan)” bu illər ərzində bütün spektr bank xidmətləri təklif edib və həm hüquqi, həm də fiziki şəxslərə xidmət göstərib.
5 il ərzində bankın şəbəkəsi genişləndikcə əməkdaşlarının sayı da sürətlə artıb. Əgər 2010-cu ildə bank 94 əməkdaşdan ibarət olubsa, 2014-cü ildə bu göstərici 400 nəfəri keçib.
Bu gün bank 12 filial və baş ofis yanında müştəri xidmətləri idarəsi ilə təmsil olunub. 2014-cü ildə bank 8 filial açıb ki, onlardan ikisi Bakıdan kənarda - Sumqayıt və Xırdalan şəhərlərindədir. Yaxın vaxtlarda bank Gəncə şəhərində də filial açmaq niyyətindədir. 2015-ci ildə filial şəbəkəsinin genişləndirilməsində əsas diqqəti regionlara yönəldəcək. Hazırda bank iqtisadiyyatın real sektoruna investisiyaların cəlb edilməsi üzərində aktiv iş aparır.
“Bu 5 il ərzində biz yüksək nailiyyətlər əldə etmişik, bank bazarının bütün sahələrində liderə çevrilmişik. Biz bundan sonra da universal kommersiya bankı kimi inkişaf etmək niyyətindəyik. Bu gün “Bank VTB (Azərbaycan)”ın da daxil olduğu “VTB Qrupu” 20-dən çox ölkədə 30 bank və maliyyə şirkətlərini özündə birləşdirən unikal beynəlxalq şəbəkəyə malikdir. Bank “VTB Qrup”un nümayəndəliklərinin fəaliyyət göstərdiyi xarici bazarlara çıxmaqda Azərbaycan şirkətlərinə yardım etməyə hazırdır. Ümid edirik ki, bizim əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək”, - deyə Y. Yakovlev bildirib.