Bank Of Baku

Ukraynada 40 ölkədən olan nümayəndə heyətlərinin iştirakı ilə “Qolodomor”un 75-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilir

Ukraynada 40 ölkədən olan nümayəndə heyətlərinin iştirakı ilə “Qolodomor”un 75-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilir
# 18 noyabr 2008 09:07 (UTC +04:00)
Kiyev-APA. Ukraynada milyonlarla insanın ölümü ilə nəticələnən hadisələrin - “Qolodomor”un 75-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərə start verilib. APA-nın məlumatına görə, beş gün davam edəcək tədbirlərə Makedoniya, Estoniya, Polşa, Latviya, Litva, Gürcüstan, Bosniya və Herseqovinanın dövlət başçıları qatılacaqlar. Xarici işlər nazirinin müavini Yuri Kostenkonun sözlərinə görə, ümumilikdə tədbirlərə 40 ölkədən və beynəlxalq təşkilatdan yüksək statuslu nümayəndə heyətləri qatılacaq.
Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedev “Qolodomor” qurbanlarının anım mərasiminə qatılmaqdan imtina edib. Ötən həftə ukraynalı həmkarına məktub göndərən Dmitri Medvedev bildirib ki, bu mövzu Ukraynada konyuktur siyasi məqsədlər üçün istifadə edildiyinə görə, tədbirlərə qatılmaq fikrində deyil.
Qeyd edək ki, bu günə kimi 14 ölkənin parlamenti “Qolodomor”u Ukrayna xalqına qarşı törədilmiş soyqırımı kimi tanıyıb, daha 5 ölkənin parlamenti isə “Qolodomor” qurbanlarının xatirəsini yad edib. Avropa Parlamenti də bu hadisələri insanlığa qarşı törədilmiş cinayət kimi səciyyələndirib.
Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutu “Qolodomor” qurbanlarının sayını dəqiq hesablayıb. Tədqiqatlar zamanı 1932-33-cü illərdə Ukraynada 3,5 milyon nəfər insanın aclıqdan dünyasını dəyişdiyi müəyyənləşib. “Qolodomor” zamanı Ukrayna şəhərlərində 15-60 yaş arasında əmək qabiliyyətli əhali qrupundan 940 min nəfər, 262 min qoca və 800 min uşaq vəfat edib. Kəndlərdə isə 600 əmək qabiliyyətli insan, 242 min qoca və 594 min uşaq aclığın qurbanı olub. Tədqiqatçılar 1933-cü ilin mart-iyul aylarında əvvəlki 5 ildə ölənlərin sayı qədər insanın vəfat etdiyini müəyyənləşdiriblər. “Qolodomor” zamanı Kiyev, Xarkov, Vinnitsa, Çerniqov, Odessa və o zaman Ukraynanın tərkibinə daxil olan Moldova Muxtar Respublikası ən çox qurban verən bölgələrdir. Qeyd edək ki, 1932-33-cü illərdə SSRİ ərazisində baş verən kütləvi aclıq “Qolodomor” adlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR