Bank Of Baku

Gürcüstanda qiyam qaldıran hərbi hissənin komandiri hakimiyyəti müxalifətlə dialoqa çağırıb

Gürcüstanda qiyam qaldıran hərbi hissənin komandiri hakimiyyəti müxalifətlə dialoqa çağırıb
# 05 may 2009 12:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə – APA. Gürcüstan Müdafiə Nazirliyinin rəhbərliyi paytaxt Tiflisdən 20-30 km aralıda yerləşən Muxrovanidə dislokasiya olunmuş tank batalyonun hərbi qulluqçularını qiyamı dayandırmağa çağırıb. APA-nın “Novosti-Qruziya” və “Qruziya Online” agentliklərinə istinadən verdiyi məlumata görə, Muxrovanidə olan müdafiə naziri David Sixarulidze hərbçiləri qanunsuz addımlara son qoyaraq hakimiyyətə tabe olmağa çağırdıqlarını bildirib. O, qiyamçıların konkret tələb irəli sürmədiklərini söyləyib: “Qiyam dünən ölkədə çevriliş hazırlayan keçmiş hərbi məmurların həbsindən sonra başlayıb. Hərbi qəsd planı iri miqyaslı olub və qarşıya qoyulan məqsədlərdən biri də Gürcüstanda planlaşdırılan NATO təlimlərini pozmaq idi”.
Daxili İşlər Nazirliyinin analitik-informasiya departamentinin rəhbəri Şota Utiaşvili isə bəyan edib ki, çevrilişin təşkilatçıları Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan və onlardan pul alan yüksək rütbəli sabiq hərbçilərdir. O bildirib ki, “Delta” xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri Giya Qvaladze həbs edilib, ona dəstək verən Muxrovanidəki xüsusi təyinatlı hərbi hissənin və Milli Qvardiyanın batalyonlarından birinin keçmiş komandiri Koba Otanadze və Tiflisdəki hərbi hissələrdən birinin sabiq komandiri Zaza Muşkudiani isə axtarılır. Qiyam hazırlığına sübut kimi gizli videoçəkiliş də nümayiş etdirilib. Videolentdə G. Qvaladze və K. Otanadzenin hərbi qiyam planını müzakirə etdikləri görünür.
Muxrovanidəki tank batalyonunun komandiri Mamuka Qorqişvili isə açıqlama ilə çıxış edərək daxili siyasi vəziyyətə qarışmaq niyyətində olmadıqlarını, ancaq yaranmış vəziyyətə dözüm göstərə bilmədiklərini söyləyərək hakimiyyətlə müxalifəti dialoqa çağırıb: “Ölkənin dağılması prosesini və qarşıdurmanı sakit müşahidə etmək mümkün deyil. Lakin bizim tərəfimizdən hər hansı aqressiv hərəkətlər olmayacaq. Biz kazarma vəziyyətindəyik və buradan çıxmağa hazırlaşmırıq”.
Hazırda hərbi hissə hərbi polisin mühasirəsindədir. Daxili işlər naziri Vano Merabişvilinin hadisə yerinə gedəcəyi bildirilir.
Qeyd edək ki, mayın 6-da Gürcüstanda NATO-nun “Cooperative Longbow 09/Cooperative Lancer 09” təlimləri başlayacaq və iyunun 1-nə qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR