Bank Of Baku

Tiflis səhnəsində C. Cabbarlının «Solğun çiçəklər» tamaşası oynanılıb

Tiflis səhnəsində C. Cabbarlının «Solğun çiçəklər» tamaşası oynanılıb
# 17 may 2010 21:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Mayın 17-də Gürcüstan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının aktyor qrupunun iştirakı ilə Marcanişvili teatrının kiçik salonunda görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının «Solğun çiçəklər» tamaşasının premyerası olub. APA-nın Gürcüstan bürosuna məlumatına görə, tamaşanı gənc rejissorlar Namiq Valehoğlu və Namiq Musayev səhnələşdirib. Tamaşanın quruluşu mənalı və tamaşaçı üçün maraqlı olub. Tamaşada Sara rolunda-Aida Tağıyeva, Bəhram rolunda-Aslan Məmmədov, Gülnisə rolunda - Şeyla Şamoyeva, Pəri rolunda - Leyla Qasımova və nökər Əbdül rolunda - Namiq Valehoğlu oynayıb. Gənc aktyorlar öz rollarını peşəkarlıq və ustalıqla nümayiş etdiriblər. Tamaşanın sonunda sürəkli alqışlar onların aktyorluq məharətlərinə verilən ən yüksək qiymət olub.

Gənc rejissor Namiq Valehoğlu APA-ya açıqlamasında bildirib ki, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının fəaliyyət göstərdiyi 6 il ərzində C.Cabbarlının «Solğun çiçəklər»i ilk tamaşadır ki, bir ay ərzində yüksək peşəkarlıqla səhnələşdirilir. «Bu, yəqin ki, bizim Bakıda təkmilləşmə zamanı əldə etdiyimiz bilik və təcrübənin nəticəsidir. Mən aktyorlarımıza minnətdaram. Onların bacarığı və istedadı həmişə uğurlu olur. Biz Gürcüstan Mədəniyyət Nazirliyinə təşəkkürümüzü bildiririk ki, bu gün bu salonu bizim ixtiyarımıza verib. Mən çox arzu edərdim ki, gənc azərbaycanlı aktyorlar öz peşəkarlığını, istedadını Tiflisin Qriboyedov, Marcanişvili və Rustaveli teatrlarında deyil, öz doğma teatrımızda göstərsin. Bu, bizim üçün ikiqat sevinc olar. Hələlik buna imkanımız yoxdur, teatrımızda təmir işləri gedir. Gələcəkdə Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının səhnəsini təmir edib başa çatdıra bilsək, səhnəyə daha çox əsərlər qoya bilərik. Buna baxmayaraq aktyorlarımız rolların öhdəsindən sənətkarlıqla gəldilər».

Gürcüstan Azərbaycanlılarının Konqresinin sədri Əli Babayev APA-ya bildirib ki, tamaşaya baxanda Azərbaycanın ruhu hiss olunur. «Aktyorlarımızın istedadının şahidi olduq. Bu gün teatrın imkanları məhduddur, amma inanıram ki, bu gənc kollektiv gələcəkdə daha böyük teatr salonlarında uğurlar əldə edəcək və öz sözünü cəsarətlə söyləməyi bacaracaq. Ən başlıcası odur ki, hamı bu teatrı dəstəkləməlidir».

Premyeranın tamaşasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, məktəb direktorları, Tiflisə yaxın olan rayonlardan tamaşaçılar, gürcü və azərbaycanlı ziyalılar iştirak ediblər.

Xatırladaq ki, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrında çalışan gənc rejissorlar - Namiq Valehoğlu və Namiq Musayev bu yaxınlarda Bakıda Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar Teatrında və “Yuğ” teatrında görkəmli teatr xadimlərindən üç ay müddətinə təcrübə alaraq rejissorluq sənəti sahəsində daha da təkmilləşiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR