Bank Of Baku

Gürcüstanda mayın 30-da keçirilən seçkilərin ilkin nəticələri məlum olub

Gürcüstanda mayın 30-da keçirilən seçkilərin ilkin nəticələri məlum olub
# 01 iyun 2010 00:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan MSK mayın 30-da ölkədə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Vahid Milli Hərəkat” partiyası tərəfindən Tiflis şəhər merliyinə namizədliyi irəli sürülmüş Qiqi Uqulava paytaxt şəhər seçicilərinin ən çox səsini qazanıb. MSK-nın yaydığı məlumatda bildirilib ki, Q.Uqulava 9 namizəd arasında 54,4 faiz səsə malik olub. Səs çoxluğu qazanan ikinci namizəd isə “Gürcüstan Naminə Alyans”ın lideri İrakli Alasaniya (19 %) olub.

Bu gün mətbuat nümayəndələri üçün brifinq keçirən MSK sədri Zurab Xarataşvili bildirib ki, komissiyaya seçki zamanı ciddi qanun pozuntuları daxil olmayıb. Z. Xarataşvili hazırkı seçkiləri 2006-cı ildə keçirilən seçki ilə müqayisə edərək deyib ki, seçki məntəqələrində səs verən seçicilərin aktivliyi daha çox olub. Cəmi 49 % seçici seçkilərdə iştirak edib. MSK sədri vurğulayıb ki, Yerli idarəetmə orqanlarına və Tiflis şəhər meri rəhbərliyinə seçkilər normal və sakit tərzdə keçib. “İndi səslərin sayılması rahat keçirilir. Heç kim bu prosesə mane olacaq hərəkət etmir. Düşünürəm ki, səslərin sayılması prosesi zamanı heç bir ciddi şikayət olmayacaq”.

Seçkilərdə iştirak edən müxalifət nümayəndələri isə ilkin nəticələrə inanmırlar. Gürcüstan Konservativ Partiyasının sədri və şəhər merliyinə namizədliyi irəli sürülən Zviad Dzidquri seçkilərdə hakimiyyətin saxtakarlığa yol verdiyini vurğulayıb. “Biz mübarizəmizi qarşıdan gələcək parlament və prezident seçkilərində qalib gəlmək üçün axıradək davam etdirəcəyik”.

Beynəlxalq təşkilatlar Tiflis şəhər meri vəzifəsinə və yerli idarəetmə orqanlarına seçkilərin gedişini müsbət qiymətləndiriblər. Bununla belə, Gürcüstanda keçirilən seçkilərdə iştirak edən müşahidə missiyasının rəhbəri Audrey Qolevey qeyd edib ki, seçkilərdə nöqsanlar da olub. “Gürcüstanın beynəlxalq qurumlar qarşısında götürdüyü seçkilər barədə öhdəliklərin yerinə yetirilməsi istiqamətində bu günkü seçkilər inkişafa doğru atılan müsbət bir addımdır. Amma müəyyən nöqsanlar meydana çıxıb, inanıram ki, onları da Gürcüstan aradan qaldıracaq”.

Gürcüstan MSK seçkilərin tam yekun nəticəsini mayın 23-də elan edəcək.

Xatırladaq ki, mayın 30-da keçirilmiş seçkilərdə 14 partiya və 3 blok iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR