Bank Of Baku

Telavi rayonunun Qaracalar kəndində gənclərlə görüş keçirilib

Telavi rayonunun Qaracalar kəndində gənclərlə görüş keçirilib
# 07 iyun 2010 18:35 (UTC +04:00)
Telavi. Nizami Məmmədzadə-APA. ABŞ-ın dəstəyi ilə fəaliyyət göstərən İREX təşkilatının nümayəndələri Telavinin Qaracalar kəndində yaşayan azərbaycanlı gənclərlə görüşüblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Ohayo (ABŞ) Universitetinin məzunu, İREX-in koordinatoru Maka Əlioğlu məlumat verib. Onun sözlərinə görə, İREX Cənubi Qafqazda ABŞ-ın hökumət departamentinin dəstəyi ilə fəaliyyət göstərir. “Bu təşkilat Gürcüstanda yaşayan milli etnik azlıqlarla bağlı mütəmadi olaraq layihələr həyata keçirir. Qaracalarda baş tutan görüşümüzün məqsədi azərbaycanlı gənclərə ali təhsil almağın vacibliyini aşılamaq, onların valideynlərinə isə bu proqramın məğzini başa salmaq idi. Mənim ideyamla həyata keçirilən bu layihə ilə bağlı hələ bu kənddə görüşlərimiz çox olacaq. Statistik rəqəmə baxanda görürük ki, Qaracalarda ali təhsilli insanlar çox azdır. Burada əhali əsasən kənd təsərrüfatı, maldarlıq və bazarda paltar satmaqla məşğuldur. Buna görə də biz yalnız gəncləri ali təhsil almağa, elmə cəlb etmək üçün layihə çərçivəsində diskussiyalar apardıq və ali təhsilin vacibliyini Qaracalar kəndində yaşayan azərbaycanlı gənclərə və onların valideynlərinə başa saldıq. Qeyd etdik ki, ali təhsil onların gələcəyini daha mənalı qurmağa kömək edəcək və mənalı yaşamaq üçün məqsədyönlü işlər görmək üçün böyük imkanlar yaradacaq. Layihəmizin həyata keçirilməsində bizə savadlı və fəal gənclərimizdən olan İstanbul (Türkiyə) Universitetinin məzunu Beniamin Qasımov, AZƏRSUN şirkətinin nümayəndəsi Səbinə Əliyeva, İREX təşkilatının fəal üzvü Eka Kupunia əllərindən gələn köməyi əsirgəmirlər”.
Maka Əlioğlu APA-ya açıqlamasında əmin olduğunu bildirib ki, onların həyata keçirdiyi bu layihənin müsbət nəticəsi olacaq. “Əminəm ki, gənclərlə apardığımız söhbətlər və diskussiyalar bu qlobal dünyada onların fikirlərində və düşüncələrində bir dəyişiklik əmələ gətirəcək, onlarda ali təhsil almağa maraq oyanacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu kənddən də ali təhsilli gənclər meydana çıxacaq. Çünki biz Gürcüstanın parlaq gələcəyinə inanırıq. İnanırıq ki, bu kənddə yaşayan gənclər daha mənalı yaşamaq və fəaliyyət göstərmək üçün ali təhsil almağa yön çevirəcəklər”.
Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Qaracalar kəndində olub, ictimaiyyətlə görüşlər keçirib, onların problemlərini dinləyib. Azərbaycan səfiri bu kənddə fəaliyyət göstərən orta məktəbə latın qrafikası ilə nəşr edilmiş kitablar da bağışlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR