Bank Of Baku

Gürcü akademiki Mixail Kurdiani: «Vaxt gələcək qonşularımız başa düşəcəklər ki, daha Qafqazda belə prinsiplərlə yaşamaq mümkün deyil»

Gürcü akademiki Mixail Kurdiani: «Vaxt gələcək qonşularımız başa düşəcəklər ki, daha Qafqazda belə prinsiplərlə yaşamaq mümkün deyil»
# 12 iyun 2010 00:06 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. «Çox təəssüf ki, Qafqaz əsrlər boyu soyqırımlar ölkəsi olub. Burada əhalinin deportasiyası yox, məhv edilməsi prosesləri baş verib. Burada elə qorxunc hadisələr baş verib ki, bu bütün xalqlara aiddir. Boynumuza almalıyıq ki, bizim şimal qonşumuz ortaya çıxandan sonra o bizim başımıza hər cür oyun gətirdi. Mən demək istəyirəm ki, soyqırım faktı ortadadır. Lakin «soyqırım» sözü XX əsrin 40-cı illərindən sonra hüquqi termin kimi başa düşülüb. Ona qədər bu qorxunc hadisələr soyqırım kimi adlanmırdı. Çeçenlərin, çərkəzlərin və 1918-ci ildə mart hadisələri azərbaycanlıların başına gətirilənlər soyqırım kimi təqdim olunmurdu». Bu sözləri APA-nın Gürcüstan bürosunun əməkdaşına Gürcüstan parlamentində Qafqaz xalqlarının soyqırımı məsələlərinə aid müxtəlif rəylər dinlənilərkən gürcü akademiki Mixail Kurdiani deyib. Onun sözlərinə görə, dəhşətli Xocalı hadisəsi əsl soyqırımdır. «Düşünürəm ki, dəhşətli Xocalı hadisələri zaman gələcək öz hüquqi qiymətini alacaq. Keçən əsrin ilk illərində gürcüləri, azərbaycanlıları, çeçenləri və çərkəzləri fiziki güclə məhv edirdilər».

Akademik APA-ya Məhsəti türklərin indiki vəziyyəti barədə də fikrini bildirib. «Bu gün Gürcüstanda bir faciə də yaşanmaqdadır. Tarixə nəzər salanda görürük ki, Gürcüstanda yaşayan müsəlmanlar - Məhsəti türkləri vaxtı ilə Qazaxıstana və digər ərazilərə sürgün olunmuşdular. Rusiya imperiyası o zaman onları qeydiyyata alanda millətcə gürcü və məzhəbcə sünni yazmışdılar. Onları sürəndən sonra biz indiyədək onları öz tarixi vətənlərinə qaytara bilmirik. Onların ən başlıca bir problemi var. O da bu insanların tarixi yurd-yuvalarına ermənilərin sahib çıxmalarıdır. Təsəvvür edin ki, qovulmuş xalq məhv olur, evlərinə gələ bilmir və müxtəlif ərazilərdə yaşayırlar. Çox sevindirici haldır ki, Azərbaycan onları evsiz-eşiksiz qoymadı. Onlara istənilən sığınacaq verdi. Çünki hələ onların öz torpaqlarına qayıtmaq icazəsi yox idi. Bu gün onların öz hüquqlarını tələb etməyə haqları var. Bu insanlar yalnız öz evlərinə, öz yurdlarına, kəndlərinə qayıtmalıdırlar. Biz öhdəmizə düşən hər şeyi etməliyik ki, onlar öz vətənlərinə qayıtsınlar. Bu deportasiya da soyqırımın bir formasıdır. Arzu edirəm ki, bizim yaşadığımız əsrdə bir də nə deportasiya, nə də soyqırım baş versin».

Akademik Mixail Kurdiani qeyd edib ki, ən vacibi odur ki, gürcülər və azərbaycanlılar həmişə öz dövlətində və torpağında yaşayıblar. “Bizim dövlətçilik ənənələrimiz və mentalitetimiz var. Biz sərhədlərimizi və hansı ölkənin vətəndaşları olduğumuzu çox yaxşı bilirik. Lakin bəzi üzdəniraq qonşularımızın dövlətçiliyi elə əvvəldən də olmayıb. Onlar harada diaspora kimi yaşayıblarsa, oranı ”özününküləşdirmək” və bu yerlərə sahib çıxaraq onu monoetnikləşdirmək kimi üsullardan əl çəkmir və çalışıb-canfəşanlıq edirlər ki, bu torpaqlar onların tarixi vətənləridir. Düşünürəm ki, vaxt gələcək onlar da başa düşəcəklər ki, daha Qafqazda belə prinsiplərlə yaşamaq mümkün deyil. Əgər belə olmazsa, onlar ya Aya uçacaqlar, ya da məcbur olub bizimlə birgə sülh şəraitində yaşayacaqlar. Azərbaycan hər zaman cəhd göstərir ki, bir də dəhşətli və qorxunc hadisələr təkrar olmasın. Mən Xocalı hadisələri barədə filmə baxdım. Yadınızdadırsa, APA-ya açıqlama verəndə demişdim ki, elə cinayətlər var ki, onu Allahdan gizlətmək mümkün deyil, çünki Allah insanı yaradanda onun millətini də yaradıb: İnsanı milli mənsubiyyətlərinə görə öldürən cinayətkar Allaha qarşı çıxır. Bu, soyqırımı adlanır. Bu gün bu soyqırım azərbaycanlıya, gürcüyə edilir. Mən Abxaziyada günahsız insanların necə öldürüldüyünü görmüşəm. Elə şeylər var ki, ona baxmaq olar, lakin yaddan çıxartmaq olmaz. Mən Xocalı haqqında filmə baxdım, elə hiss etdim ki, orada vəhşicəsinə öldürülənlər mənim qohumlarım, yaxınlarım, mənim ailəmdir. Onu da bildirim ki, biz 18-ci illərin soyqırımını yalnız fotolarda görmüşük. 19-cu illərdə çərkəzlərin necə deportasiya olunduğunu da şəkillərdə görmüşük. Lakin Xocalını mən öz gözlərimlə gördüm. Bu çox dəhşətli sənəddir. Mən ümid edirəm ki, bu soyqırım Qafqazda axırıncı olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR