Bank Of Baku

AŞPA prezidenti Gürcüstanda görüşlər keçirir

AŞPA prezidenti Gürcüstanda görüşlər keçirir
# 14 iyun 2010 16:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu bu gün bir sıra rəsmi görüşlər keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, AŞPA prezidenti prezident dəftərxanasında Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili, parlamentin müxalifət yönümlü deputatları, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və AŞPA-nın Tiflisdəki ofisində müxalifət partiyalarının liderləri və nümayəndələri ilə görüşüb.

M.Çavuşoğlu müxalifət nümayəndələri ilə görüşdən sonra keçirilən brifinqdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurasının Ermənistana təzyiq edəcəkmi sualına cavab olaraq bildirib ki, bu məsələ üçün komissiya yaradılmalıdır. «Bir az bundan əvvəl biz rəsmi səfərlərimizin birində Dağlıq Qarabağ komissiyasının yaradılması mövzusunun Avropa Şurasının gündəmində olacağını söyləmişdik. İndi görüşlər davam edir. İndiki vaxtda Ermənistan belə bir komissiyanın yaradılmasının əksinə çıxır. Amma belə bir komissiyanın yaradılması Avropa Şurasının 14-16-cı maddələri ilə mümkündür və parlament məclisi və büro mexanizmi bu qərarı həyata keçirəcək və təbii ki, son qərarı büro verəcək. Bu bir maddənin yerinə yetirilməsidir və bu, gündəlikdə olacaq», - deyə AŞPA başçısı vurğulayıb.

M.Çavuşoğlu Avropa Şurasında iyunun 21-də Azərbaycanla bağlı müzakirə olunacaq məsələlərə də münasibət bildirib: «Mən bu hesabatları gördüm və bu mövzuda mən Azərbaycan heyəti ilə görüşdüm, hesabatla bağlı söhbətlər də apardıq. İndi hazırlanan hesabat daha əhatəli olacaq».

AŞPA prezidenti nahar fasiləsi zamanı Gürcüstan xarici idarəsinin başçısı Qriqol Vaşadze ilə görüşdüyünü və Rusiya-Gürcüstan, Abxaziya və Cənubi Osetiya məsələlərini və Cenevrədə Gürcüstan-Rusiya görüşlərini, eyni zamanda Gürcüstanla AŞPA arasında əlaqələri müzakirə etdiklərini bildirib. «Avropa Şurasının qərarlarını bütün ölkələr yerinə yetirməlidir. Bu, Rusiya və Gürcüstana da aiddir. Bunları həmçinin mənim ölkəm Türkiyə, eləcə də Azərbaycan və Ermənistan yerinə yetirməlidir», - deyə M.Çavuşoğlu bildirib.

AŞPA prezidenti bu gün dövlət başçısı Mixail Saakaşvili ilə görüşəcəyini və bir sıra vacib məsələləri müzakirə edəcəyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR