Bank Of Baku

Borçalıdan olan gənclər Gürcüstan parlamentinə ekskursiya ediblər

Borçalıdan olan gənclər Gürcüstan parlamentinə ekskursiya ediblər
# 25 iyun 2010 03:36 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. İyunun 24-də Borçalıda yaşayan və təhsil alan gənc soydaşlarımız Gürcüstan parlamentinə ekskursiya ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovun təşkilatçılığı ilə həyata keçib. Marneulidə fəaliyyət göstərən UNİON qeyri hökumət təşkilatının sədri Elmira Yusubovanın APA-nın Gürcüstan bürosuna verdiyi məlumatda bildirilir ki, Marneulinin müxtəlif orta məktəblərində və gürcü ali məktəblərində təhsil alan 26 nəfər gənc soydaşımız Gürcüstan parlamentinin tarixi ilə də tanış olublar. Parlamentdə gəncləri ekskursiyaçı Neli Raynqold qarşılayaraq onları parlamentdə vaxtı ilə tarixi qərarlar qəbul edilən, müxtəlif siyasi proseslərlə bağlı tarixi konfrans zallarını, iclas salonlarını göstərib və gənclərə ətraflı məlumat verib. N. Raynqold gənclərə 1918-ci il mayın 26-da Gürcüstan Müstəqilliyini təsdiq edən birinci parlamentin yığıncaq salonunu da göstərib. O, parlamentin ilk spikerinin Karlo Çxeidze olduğunu da gənclərə deyib. Gürcüstanın gerbi, bayrağı və himni barədə mükəmməl məlumat bildirib. Sonra gənclər parlamentin müxtəlif ölkələr və insanlar tərəfindən Gürcüstana verilən hədiyyələrdən ibarət foyedə də olublar. Gənclər buradakı gözəl hədiyyələrə maraqla baxıblar. Onlar VI Vaxtanqın vaxtından qalmış və 1708-1710-cu illərdə yazıya alınmış “Gürcüstanın birinci Qanunu” da görüblər. Parlamentin Şota Rustaveli zalındakı çil-çırağın çəkisi isə 1 ton yarımdır. Burada 300 şam var. Maraqlıdır ki, çil-çıraq XIX əsrin əvvəllərində Avstriyadan gətirilərək əvvəllər parlamentin yerində olan Aleksandr Nevski kilsəsinə bağışlanıb. Sonralar sovetlər hakimiyyət başına gələndə kilsə uçurdulub, yerinə indiki parlament binası inşa edilib. Bu tarixi məlumat gənclər üçün çox maraqlı olub. Parlementdə bütün Gürcüstanın katalikosu və patriarxı II İlyanın ibadət salonu da var. Gənclər buraya da maraqla baxaraq, şam yandırıblar. II İlyanın həyatını əks etdirən foto-şəkillərə baxıblar.
Borçalıdan gələn gənclər Tiflis Cümə məscidinə, digər dinlərin kilsələrinə maraqla baxıb, “Mtasminda” parkına da səyahət ediblər.

Elmira Yusubova APA-ya bildirib ki, bu gəzinti gənclərimizin inkişafına, onların dünya görüşünə, savadına, mədəniyyətinə, etikasına böyük təsir göstərəcək. “Hərə bir zərrə qədər iş görərsə, bu böyük iş olar. Mən bu layihəni həyata keçirməkdə parlamentin deputatı Azər Süleymanova təşəkkürümü bildirirəm. Düşünürəm ki, belə tarixi yerlərə səyahətlər gənclərimizin tarixi biliklərini xeyli artıracaq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR