Bank Of Baku

Tsotne Qamsaxurdiyaya qarşı yeni ittiham irəli sürülüb

Tsotne Qamsaxurdiyaya qarşı yeni ittiham irəli sürülüb
# 07 iyul 2010 23:09 (UTC +04:00)
Bakı-APA. Gürcüstanın ilk prezidentinin oğlu Tsotne Qamsaxurdiyaya qarşı yeni ittiham irəli sürülüb. Tiflisin həbsxana xəstəxanasında olan Qamsaxurdiyanı müalicə müəssisəsinin əməkdaşına rüşvət verməkdə günahlandırırlar.

Gürcüstan Baş prokurorluğundan bildiriblər ki, Tsotne Qamsaxurdiya qeyri-qanuni olaraq dostu vasitəsilə anasına məktub ötürmək istəyib. Buna görə o həbsxana xəstəxanasının əməkdaşlarından birinə 500 lari (təxminən 270 dollar) təklif edib. Məhbusun xahişi gizli videokameraya çəkilib.

Daha sonra xəstəxananın əməkdaşı məktubun ötürülməsi və Qamsaxurdiyanın dostundan rüşvət alınması proseslərini də çəkib.

2010-cu ilin aprelində Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tiflis şəhər məhkəməsi tərəfindən 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O qeyri-qanuni olaraq silah saxlamaqda və qətlə qəsddə təqsirli bilinib.

2009-cu ilin payızında Tsotne Qamsaxurdiya qonşusu David Bacelidzeni öldürməyə cəhd etməkdə günahlandırılıb. Qamsaxurdiya isə məhz ona qarşı qəsd cəhdi olduğunu bildirib. O başından zərbə aldığını, huşunu itirdiyini, ayıldıqda isə polis tərəfindən həbs olunduğunu vurğulayıb.

İyulun 19-da Tiflis Apellyasiya məhkəməsi Tsotne Qamsaxurdiyaya barəsində çıxarılmış hökmə yenidən baxmalıdır. Vəkil Keti Bekaurinin sözlərinə görə, zərərçəkmiş Bacelidze öz ifadələrini dəyişib. Bacelidze bildirir ki, onu Qamsaxurdiya yox, başqa adam yaralayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR