Bank Of Baku

Tiflisdə “Gürcüstanda etnik azlıqlar arasında qadın zorakılığı” mövzusunda mətbuat konfransı keçirilib

Tiflisdə “Gürcüstanda etnik azlıqlar arasında qadın zorakılığı” mövzusunda mətbuat konfransı keçirilib
# 16 iyul 2010 22:59 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Dünən Tiflisdə “RİA Novosti” agentliyinin ofisində “Gürcüstanda etnik azlıqlar arasında qadın zorakılığı” mövzusunda mətbuat konfransı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat konfransını “Çoxmillətli Gürcüstan qadınları” assosiyasiyasının həmsədri Alla Bejentseva açaraq, Gürcüstanda onun rəhbərlik etdiyi təşkilatın mövzu ilə bağlı keçirdikləri monitorinq barədə Gürcüstan KİV-nə məlumat verib. Onun dediyinə görə, “Qadın zorakılığı, qadınların vəziyyəti və onların cəmiyyətdə rolu və ailədə problemləri ilə bağlı Kvemo-Kartli bölgəsində, o cümlədən azərbaycanlı, erməni, yunan, rus (duxoborlar) və s. etnik azlıqların kompakt yaşadığı kəndlərdə və Bolnisi, Dmanisi kimi rayon mərkəzlərində monitorinq keçiriblər. Bu məqsədlə Bolnisidə 102, Dmanisidə 100 nəfər respondent mövzu ilə bağlı məlumat vərəqini doldurublar. Monitorinqin iştirakçıları 16-80 yaş arasında qadınlar olublar. Monitorinqdə Bolnisidən 28 % gürcü, 55 % erməni, 12 % azərbaycanlı, 5 % rus, Dmanisidə 22 % gürcü, 10% erməni, 44% azərbaycanlı, 11 % rus və 1 % ukraynalı və yunan nümayəndələri iştirak ediblər. Etnik azlıqların nümayəndələri ilə aparılan söhbətlərdən məlum olub ki, onların yaşadığı ərazilərdə qadınlar zorakılığa məruz qalır və çox vaxt onlar bunu aidiyyəti orqanlara bildirmirlər. Bununla belə, aidiyyəti orqanlar da bu məsələlərin baxılmasında passivlik göstərirlər. Ona görə də bizim hüquq-məsləhətçilərimiz 2 ay Dmanisinin Yaqublu, Dunus və Bolnisinin Kəpənəkçi kəndlərində qadınların zorakılıqdan müdafiəsi üçün pulsuz hüquq məsləhəti həyata keçiriblər. Bu müddət ərzində hüquq işçilərinə zorakılıq barədə 80 nəfər qadın, hətta kişi də müraciət edib. Monitorinqin nəticələri göstərib ki, Dmanisidə qadınlar ağır məişət şəraitində çalışır, bütün ağır işləri qadınlar görür, uşaq əməyindən istifadə olunur, qadın və uşaqlara zorakılıq edilir, Bolnisidə hüquq müdafiəçiləri daxil olan qadın zorakılığı barədə ərizələri qeydiyyatdan keçirmirlər.”
Alla Bejentseva APA-ya açıqlamasında qeyd edib ki, bizim təşkilat 10 ildir ki, fəaliyyət göstərir, amma bu mövziya birinci dəfədir ki, müraciət edirik. “Fikirimcə, biz çoxdan bu iş ilə məşğul olmalı idik ki, regionlarımızda problemlər olmasın,-”deyə o, bildirib.

Mətbuat konfransında beynəlxalq ekspertlər səviyyəsində Azərbaycandan gələn ekspertlərdən Sacidə Əbdülvahabova və Vəfa Salehova Azərbaycanda qadın zorakılığı barədə öz fikir və müşahidələrini söyləyib və Gürcüstanda bir neçə gün qalıb, azərbaycanlıların kompakt yaşadığı Qardabani və Bolnisi rayonlarında seminarlar təşkil edəcəklərini bildiriblər.
Mətbuat konfransında Gürcüstanda Qadın Fondunun direktoru Nana Pansulaya, mətbuat katibi İrina Sorokina, hüquq-məsləhətçisi Tatyana Dautaşvili və Gürcüstanda rus dilində nəşr olunan “Podruqa” qadın jurnalının baş redaktoru Natalya Qlazova çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR