Bank Of Baku

Dmitri Medvedev maliyyə nazirini Vladimir Putinin təqdimatı ilə istefaya göndərib

Dmitri Medvedev maliyyə nazirini Vladimir Putinin təqdimatı ilə istefaya göndərib
# 26 sentyabr 2011 21:42 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedevin mətbuat katibi Natalya Timakova maliyyə naziri Aleksey Kudrinin istefa vermədiyini, baş nazir Vladimir Putinin təqdimatı ilə prezident tərəfindən istefaya göndərildiyini bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedev Aleksey Kudrinin baş nazirin müavini və maliyyə naziri vəzifələrindən azad olunması barədə fərman imzalayıb.

Prezidentin fərmanından bir qədər öncə Aleksey Kudrin özü istefa verdiyini bildirib.

Xatırladaq ki, Rusiya iqtisadiyyatının modernizasiyası və inkişafı üzrə komissiyanın iclasında prezidentlə nazir arasında mübahisə yaranmışdı.

“Mən bu gün burada sizə müraciət edirəm: əgər siz hesab edirsinizsə ki, gündəlikdə duran iqtisadi məsələlərə məndən fərqli baxışlarınız var, o zaman istefa haqqında ərizənizi yaza bilərsiniz. Düşünürəm ki, indi cavab verə bilərsiniz ki, istefa verirsiniz, ya yox” - deyə D.Medvedev bildirib.

Buna cavab olaraq A.Kudrin baş nazir Vladimir Putinlə məsləhətləşməli olduğunu söyləyib: “Həqiqətən sizinlə fikir ayrılıqlarım var, amma sizin təklifinizlə bağlı qərarı baş nazirlə məsləhətləşdikdən sonra verə bilərəm”.

Rusiya prezidentinin buna cavabı sərt olub: “Kiminlə istəyirsinizsə, o cümlədən baş nazirlə, məsləhətləşə bilərsiniz. Amma hələlik prezident mənəm və bu cür qərarları da mən verirəm. Siz dərhal məsələni aydınlaşdırıb mənə cavab verməlisiniz - ya fikir ayrılığı dediyiniz şeylər mövcud deyil, ya da mövcuddursa, mən başqa çıxış yolu görmürəm. Hərçənd bu, mənim üçün xoş deyil”.

D.Medvedev əlavə edib ki, 2012-ci ilin mayında səlahiyyətləri bitənə qədər məmurların istənilən məsuliyyətsiz danışığının qarşısını alacaq: “Prezidentin, hökumətin kursuna şübhə edən və ya öz şəxsi planları olan şəxs mənə müraciət edərək istefaya getmək hüququna malikdir, amma bunu açıq şəkildə etmək lazımdır”.

Qeyd edək ki, Rusiya prezidentinin qəzəblənməsinə səbəb maliyyə nazirinin bu gün jurnalistlərə verdiyi açıqlamalar olub. A.Kudrin D.Medvedev baş nazir olarsa, özünü onun hökumətində görmədiyini bildirib: “Mən özümü yeni hökumətdə görmürəm. Söhbət ondan getmir ki, mənə heç kim heç nə təklif etməyib. Düşünürəm ki, mövcud fikir ayrılıqlarımız yeni hökumətə getməyimə imkan vermir. Onların arasında ordunun yenidən silahlanmasına büdcə xərcləri də var”.

D.Medvedev A.Kudrinin açıqlamalarını qeyri-etik adlandırıb və onlara bəraət qazandırmağın mümkün olmadığını vurğulayıb: “Hökumətdə nizam-intizamı və subordinasiya qaydalarını kimsə ləğv etməyib. Heç bir yeni hökumət yoxdur və heç kim də başqalarına dəvət göndərməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR