Bank Of Baku

Pol Qobl: “Rusiya və ABŞ Cənubi Qafqazda coğrafi vəziyyət və zəngin enerji resursları sahəsində incə diplomatiya aparmalıdırlar”

Pol Qobl: “Rusiya və ABŞ Cənubi Qafqazda coğrafi vəziyyət və zəngin enerji resursları sahəsində incə diplomatiya aparmalıdırlar”
# 17 oktyabr 2011 18:13 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunan “Rusiya-Azərbaycan-ABŞ çox istiqamətli siyasət kontekstində” mövzusunda Moskva-Bakı-Vaşinqton arasında videokörpü təşkil olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “RİA Novosti” beynəlxalq informasiya agentliyində təşkil olunan videokörpüdə azərbaycanlı, rus və amerikalı ekspertlər tərəfindən SSRİ dağılandan sonra keçən illər ərzində Cənubi Qafqazın geosiyasi və strateji mövqeyi, təbii resursların qaynağı olaraq rolunun get-gedə artması, regionun Yaxın və Orta Şərqə yaxın mövqedə yerləşməsi və onun özünün potensial qeyri-sabitlik mənbəyi olması, Cənubi Qafqazda region ölkələri ilə eyni zamanda qonşu ölkələrin - Rusiya, İran, Türkiyə, uzaq Avropa Birliyi ölkələri və ABŞ-ın maraqlarının toqquşması, eləcə də region və qonşu ölkələrin maraqlarını nəzərə almaqla Cənubi Qafqazın sabit və təhlükəsiz regiona çevirməyin üsulları və regiondakı dondurulmuş münaqişələrin həlli yolları müzakirə olunub.

Videokörpüdə çıxış edən Amerikalı politoloq, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ dövlət departamentinin keçmiş analitiki Pol Qobl Cənubi Qafqazın, o cümlədən Azərbaycanın ABŞ üçün çox vacib bir region olduğunu söyləyib. O, son 3 ayda Vaşinqtonda Cənubi Qafqazda problemlərin həllinə həsr olunmuş bir neçə konfransın keçirildiyini bildirib: ”Regionun ABŞ üçün vacib olmasının əsas səbəbi Azərbaycanın yanacaq ehtiyatları və geosiyasi mövqeyi, İranla qonşu olmasıdır. Bu kimi amillər Azərbaycanı ABŞ üçün mühüm ölkəyə çevirib”.

P. Qobl bildirib ki, Rusiya və ABŞ etiraf etməlidirlər ki, Cənubi Qafqaz regionunda hər iki nəhəng ölkənin maraqları var: “Ona görə də, Rusiya və ABŞ Cənubi Qafqazda ümumi maraqları üçün coğrafi vəziyyət və zəngin enerji resursları sahəsində incə diplomatiya aparmalıdırlar”.

Azərbaycan Diplomatiya Akademiyasının prorektoru Fariz İsmayılzadə bildirib ki, Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd edir: “Bu illər ərzində Azərbaycan böyük və uğurlu inkişaf yolu keçib. Ölkədə həyat səviyyəsi yüksəlib. Bakıya gəlsəniz, bunu müşahidə edə bilərsiniz. Azərbaycan bu gün uğurlu xarici siyasət yürüdür. Bu siyasətin əsas məğzi ərazi bütövlüyümüzün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin yurd yuvalarına qayıtması, regionda sülhün, sabit vəziyyətin bərqərar edilməsindən ibarətdir.

Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixiyev Cənubi Qafqazın Rusiya üçün daha çox vacib region olduğunu söyləyib: “Bu region Rusiya üçün daha vacibdir, nəyin ki, ABŞ üçün. Çünki, Cənubi Qafqaz Rusiyanın cənub sərhədidir. ABŞ üçün isə belə deyil. Burda baş verənlərin istisi, soyuğu onlara təsir eləmir. Bu gün harada ki, ABŞ var, orada qeyri sabitlik hökm sürür”.

Videokörpüdə ABŞ-da təhsil almış Azərbaycan Məzunları Assosiasiyasının sədri Ceyhun Kərimov və rusiyalı politoloq, “Milli Strategiya Problemləri” jurnalının baş redaktoru Ajdar Kurtov da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR