Rusiya 2022-ci ildən həbsdə saxlanılan keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı azad edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, ABŞ rəsmilərinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin 32 yaşlı amerikalının səhhəti ilə əlaqədar əfv olunmasına razılıq verib.
Ağ Ev və Dövlət Departamenti Moskvanı Gilmanı azad etməyə və onun ABŞ-da müalicə almasına imkan yaratmağa çağırmışdı.
Rusiyada 10 il müddətinə azadlıqdan məhrum edilən Gilman Voronejdəki həbsxanada saxlanılırdı. O, xuliqanlıqda və koloniyanın əməkdaşlarına hücum etməkdə təqsirli bilinib.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Gilman çərşənbə axşamı ABŞ Dövlət Departamentinin təyyarəsi ilə Rusiyadan Vaşinqton yaxınlığındakı Dalles hava limanına aparılıb.