Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya üç günlük rəsmi səfərə gələcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası "Dawn" qəzetinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, Şahbaz Şərifin Rusiyaya ilk rəsmi səfəri olacaq.
Nəşrin məlumatına görə, səfər ikitərəfli münasibətlərin gücləndirilməsinə və enerji və investisiya sektorlarında razılaşmaların əldə edilməsinə yönələcək.
Qeyd olunub ki, Pakistanın Baş naziri enerji və müdafiə, ticarət, regional təhlükəsizlik və investisiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Tərəflər SSRİ-nin köməyi ilə tikilmiş metallurgiya zavodu olan Pakistan Polad Zavodunun bərpasına, eləcə də Pakistanın neft və qaz sənayesinə potensial Rusiya investisiyalarına xüsusi diqqət yetirə bilərlər.