Bakı - APA. Rusiya Dövlət Duması RF-də yaşamaq və işləmək hüququ almaq istəyən əcnəbi vətəndaşların rus dili, tarix və qanunvericiliyin əsasları üzrə icbari qaydada imtahan verməsi ilə bağlı qanun layihəsini II və III oxunuşda təsdiq edib.
APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bu icazənin alınması üçün xarici dövlətlərin vətəndaşları həmin imtahanların verilməsi haqqında müvafiq sertifikat və ya SSRİ dövründə (1 sentyabr 1991-ci ilədək) təhsil alması ilə bağlı sənəd (orta məktəb attestatı və ya ali təhsil məktəbinin diplomu) təqdim etməlidir. Sertifikat verildiyi tarixdən 5 il müddətində qüvvədə olacaq.
Qeyd edək ki, yüksək dərəcəli mütəxəssislər, iş qabiliyyəti olmayan şəxslər, 18 yaşınadək və 60 yaşdan yuxarı olanlar, həmçinin xüsusi dövlət proqramı çərçivəsində RF-yə köçən repatriantlar imtahanlardan azaddır.
Yeni qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Artıq yaşamaq hüququ almış şəxslər isə bu hüququn vaxtının uzadılması zamanı imtahanların verilməsi ilə bağlı sertifikatı təqdim etməli olacaqlar.
Bundan başqa, Dövlət Duması RF-yə vizasız gələn və işləmək icazəsi almaq istəyən şəxslərin narkoman olmaması və onlarda cəmiyyət üçün təhlükəli olan xəstəliklərin olmaması haqqında arayış təqdim etməsi ilə bağlı qanunu təsdiqləyib.