Bakı. Zümrüd Paşayeva - APA “Rusiya öz quldurlarını geri qaytarmaq üçün yaxşısı budur 300 boş “KamAZ” göndərsin, bundan sonra humanitar yardımın göndərilməsinə ehtiyac olmayacaq”. APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk hökumətin açıq iclasında deyib. O, ölkəsinin Rusiyanın “humanitar yardımı” olmadan da Donbasda azad edilmiş əraziləri təmin etmək iqtidarında olduğunu bildirib. “Rusiyanın utanmazlığı sərhəd tanımır. Öncə onlar ukraynalıları qətlə yetirən quldurlar, tanklar, “Qrad”lar, terrorçular göndərdilər. İndi isə su və duz gətirirlər. Biz Ukrayna hökuməti olaraq bütün azad edilmiş ərazilərin ən vacib ehtiyaclarını təmin edə bilərik”.
A. Yatsenyuk BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı tərəfindən artıq 6 milyon dollar yardım fondu ayrıldığını bildirib. Baş nazir vacib ləvazimatların alınması üçün hökumətin də əlavə 10 milyon Ukrayna qrivnası ayırdığını əlavə edib.
A. Yatsenyuk Ukraynanın istənilən növ humanitar yardımı beynəlxalq hüquq çərçivəsində və yalnız Qırmızı Xaç Komitəsindən qəbul edə biləcəyini vurğulayıb.