Bakı-APA. Rusiyanın Belqorod şəhərində 6 nəfəri öldürməkdə şübhəli bilinən Sergey Pomazun saxlanılıb. APA-nın xəbərinə görə, bu barədə “İTAR-TASS”a Rusiya DİN-dən bildirilib.
“Pomazun Belqorod vilayətində saxlanılıb”, deyə mənbə agentliyə bildirib.
Məlumata görə, 6 nəfəri öldürməkdə şübhəli bilinən Sergey Pomazun şəhəri yük qatarında tərk etməyə çalışıb, lakin polis tərəfindən aşkarlanaraq saxlanılıb. Məlumata görə, aşkarlandığını gördükdə o polis əməkdaşlarına hücum edib və bıçaqla mayorun göz və qol nahiyəsinə xəsarətlər yetirib. Sergey Pomazun özü isə saxlanılma zamanı ciddi xəsarət almayıb.
Xatırladaq ki, aprelin 22-də yerli vaxtla saat 14.00 radələrində Belqorod şəhərindəki “Oxotnik” mağazasına qara rəngli BMW yaxınlaşıb. Avtomobildən çıxan silahlı kişi küçədəki və mağazadakı insanlara atəş açıb. Nəticədə küçədə 2, mağazada isə 4 nəfər ölüb. Qatil hadisə yerindən qaçıb.