Bu il Rusiya ərazisində 42 terror cinayətinin qarşısı alınıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin Federal Əməliyyat Qərargahı ilə keçirdiyi birgə iclasda bildirib.
O deyib ki, Moskva, Sankt-Peterburq, Yekaterinburq və Nijnı Novqorod şəhərlərində birgə səylər nəticəsində hazırlıq mərhələsində olan 42 terror aktının qarşısı alınıb: “Qarşısı alınan terror aktları nəqliyyatda və insanların kütləvi toplaşdığı yerlərdə qonşu ölkələrin vətəndaşları tərəfindən planlaşdırılıb”.
FTX rəisi əsas terror təhlükəsinin əvvəlki kimi Şimali Qafqazda olan qruplaşmaların fəaliyyəti ilə bağlı olduğunu söyləyib: “Saxlanılan Şimali Qafqaz xaricində olan terrorçularla əlbir olanların sayı artıb. Terrorçular Rusiyada normal həyat şəraiti qura bilməyən miqrantlardan ibarət “yatmış hücrələr” yaratmağa çalışırlar”.
A. Bortnikov 2016-cı ildə Rusiyada 129 terrorçunun məhv edildiyini də açıqlayıb: “Onlardan 22 nəfəri qruplaşma başçısıdır. 898 nəfər quldur və onlarla əlbir olanlar tutulub. Özünü Şimali Qafqazda İŞİD tərəfdarlarının lideri kimi qələmə verən “Qafqaz vilayəti” adlandırılan dəstənin başçısı məhv edilib. Kabardin-Balkar respublikasında fəaliyyət göstərən terrorçu qruplaşmalar tamamilə məhv edilib”.
A. Bortnikov Rusiya xüsusi xidmət orqanlarının terrorçuluqda şübhəli bilinən 2 min nəfərdən çox şəxsin hesabını bağladığını da deyib. O qeyd edib ki, xüsusi xidmət orqanları beynəlxalq terrorçu təşkilatlara, o cümlədən İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşlarının ölkədən çıxmasının qarşısını alıblar. Bu niyyətdə olan 86 nəfərin Rusiyadan kənara çıxması yasaqlanıb. Bundan başqa, rusiyalıları terrorçu strukturlara cəlb edən 34 nəfər müəyyənləşdirilib.
FTX rəisi Rusiyada 2017-ci ildə keçiriləcək futbol üzrə Konfederasiya Kuboku və 2018-ci ildə keçiriləcək dünya çempionatının təhlükəsizliyinin təmin olunması məsələsinə də aydınlıq gətirib: “Bu yarışların təhlükəsizliyinin təmin olunması üçün hərtərəfli tədbirlər görmək tələb olunur”.