Gürcüstan. Nizami Məmmədzadə-APA. “Ölkənin qarşısında dayanan başlıca vəzifə demokratiyanın və müstəqilliyin qorunub saxlanılması, inkişafıdır. Həmçinin qonşu dövlətlərlə münasibətin yaxşılaşdırılması, Avropaya inteqrasiya, qanunun aliliyinin təmin olunması hakimiyyətin başlıca prioritetlərindəndir.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Bidzina İvanişvili Müstəqillik Günü münasibətilə xalqa müraciətində bildirib.
Qeyd edək ki, bu gün Gürcüstanda Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilib. Bayram tədbirləri ölkənin paytaxtı ilə yanaşı 26 şəhər və rayonunda qeyd edilir. Paytaxt Tiflisin Qızılgül və Azadlıq meydanlarında, Qldan parkında və IV Varketili mikrorayonunda Müdafiə və Daxili İşlər nazirliklərinin hərbi texnika və avadanlıqlarının sərgisi, hərbi aviasiyanın uçuşu keçirilib, müxtəlif konsert proqramları təşkil olunub.
Bu bayramla bağlı tədbirlər azərbaycanlıların kompakt yaşadığı Marneuli və Qardabani şəhərlərində də keçirilib.
Qeyd edək ki, Gürcüstanın ilk demokratik hökumət 26 may 1918-ci ildə Noe Jordaniyanın rəhbərliyi ilə elan olunub və 1921-ci ilin fevral ayınadək fəaliyyət göstərib. Gürcüstan 1991-ci il aprelin 9-da Müstəqilliyinin bərpası haqqında akt qəbul edib.