Moskva. Fərid Əkbərov – APA. “Suriyanın böhranın siyasi həllindən imtina etməsi ölkənin çökməsinə və regionda xaosun yaranmasına gətirib çıxaracaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri ABŞ dövlət katibi Conn Kerri rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Suriyadakı böhranın sülh yolu ilə həllinin alternativi güc tətbiq edilsə nələrin olacağından, humanitar böhranın artmasından, ölkənin bir neçə yerə parçalanmasından, etnik zəmində həyata keçirilən təmizləmələrdən ibarətdir: “Bütün bunlar regionda stabilliyi təhdid edir.
İndiyə kimi hamı elə bilir ki, ABŞ və Rusiya bu sahədə əməkdaşlıq etmirlər. Lakin mən hesab edirəm ki, bu gün Cenevrə kommunikesinin həyata keçirilməsi haqqında əməkdaşlıq etməyə hazırlaşdığımız barədə danışmağımız çox vacibdir”-deyə ABŞ dövlət katibi bildirib
Sergey Lavrov Suriyanın Cenevrə kommunikesi əsasında danışıqların aparılmasına hazır olduğunu söyləyib: “İndiki mərhələdə ən vacib məsələ Suriya müxalifəti ilə hökumət üzvlərini bir masa arxasında oturdub danışıqlara başlamaqdır. Əslində Suriya hökuməti keçən ilin iyununda bu addımı atmağa hazır olduğunu bildirmişdi. Dünən suriyalı həmkarım da bunu telefon danışığında mənə təsdiqlədi. O, Suriya hökumətinin danışıqlara yenə hazır olduğunu söylədi. Əlbəttə ki, bütün verilən sözlər məndə əminlik yaradır ki, sözdə əməl olunana işdə də əməl olunacaq”
S. Lavrov bildirib ki, Rusiya və ABŞ Suriya müxalifəti və hakimiyyətini danışıqlar masasına əyləşdirmək üçün bütün imkanlardan istifadə etmək barədə razlığa gəliblər.