Bakı-APA. Bu gün axşam saatlarında Dağıstanın Xasavyurt rayonunda naməlum şəxs polis əməkdaşlarına atəş açıb, lakin, cavab atəşi ilə o öldürülüb, bir polis əməkdaşı yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə Dağıstan DİN-in nümayəndəsi məlumat verib.
“Bu gün axşam 18.40 radələrində Xasavyurt rayonunun Pervomayski kəndi yaxınlığında polis əməkdaşları “VAZ 2114” markalı avtomobili sənədlərini yoxlamaq məqsədi ilə saxlamağa cəhd ediblər. Bu zaman naməlum şəxs polis əməkdaşlarına atəş açıb, lakin, cavab atəşi ilə o öldürülüb. Bir polis əməkdaşı güllə yaraları ilə xəstəxanaya çatdırılıb”, deyə DİN nümayəndəsi bildirib.
Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.