Bakı-APA. Gürcüstanın NATO-ya üzv olması ona inkişafı üçün heç bir üstünlük verməyəcək, yalnız Rusiya ilə münasibətlərdə gərginlik mənbəyi yaradacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev “Rustavi-2” gürcü telekanalına müsahibəsində bildirib.
“Bu suveren dövlət olan, yaxşı inkişaf edən Gürcüstana əlavə heç bir şey verməyəcək, lakin ölkələrimiz arasında davamlı, uzunmüddətli gərginlik mənbəyi yaradacaq”, deyə o bildirib.
Medvedev qeyd edib ki, gərginliyə səbəb 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan münaqişəsi ilə yox, “müdafiə anlamı” ilə bağlı olacaq. “Çünki Gürcüstan böyük hərbi-siyasi alyansın iştirakçısı olacaq, hansı ki, müəyyən şərait yarandıqda bizim mümkün ola biləcək düşmənimizdir”, deyə baş nazir qeyd edib və xatırladıb ki, NATO-nun nüvə raketləri Rusiyadakı obyektlərə tuşlanıb.