Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub.
APA-nın “Aysor.am” saytına istinadən verdiyi məlumata görə, “Tsarukyan Bloku” fraksiyasının deputatları Artur Manukyan və Serqey Baqratyan fraksiyanın digər üzvü David Manukyanın kabinetində dalaşıblar.
Hadisə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı səsvermə zamanı yaranmış gərginlikdən sonra baş verib.
Səsvermə zamanı S. Baqratyan deputat Napoleon Azizyanı təhqir edib. Bu səbəbdən A. Manukyanla S. Baqratyan arasında başlayan mübahisə D. Manukyanın kabinetində davam edib və əlbəyaxa ilə nəticələnib.