Bakı. Şamil Əlibəyli – APA. Ermənistan paytaxtı İrəvanda etiraz aksiyası keçirilib. APA-nın “News.Am” saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları hökumət binası qarşısında toplaşaraq, təbii qazın istifadə qiymətinin artırılmasına etiraz ediblər.
Onlar bildiriblər ki, qaz pulunun artması ölkənin sosial həyatına mənfi təsir göstərəcək. Etirazçılar eyni zamanda ictimai xidmətlərin qiymətlərinə nəzarət edən quruma, Prezident Administrasiyasına və hökumətə petisiya da göndərmək niyyətindədir.
Qeyd edək ki, Ermənistan Rusiyadan alınan qazın hər kubmetrinə görə 0,18 dollar, əhali isə istifadə olunan təbii qaza görə 0,30 dollar ödəyir. Mayın 14-də Ermənistanın qaz operatoru “ArmRosQazprom” şirkəti bu tarifi qaldırmaq niyyətində olduğunu bildirib.