Bakı-APA. Həyatına sui-qəsd olunmuş namizəd prezident seçkilərinin vaxtını dəyişmək barədə ərizə ilə müraciət etsə, Ermənistan Konstitusiya məhkəməsi 4 gün ərzində o müraciətə Baxa bilər. Ermənistan Konstitusiya məhkəməsinin sədri Qagik Arutyunyan belə bir bəyanatla çıxış edib.
Yanvarın 31-de Ermənistan prezidentliyinə namizəd, «Milli özünüdərketmə» Birliyi» partiyasının lideri Paruyr Ayrikyanın həyatına sui-qəsd törədilib. Ayrikyan çiynindən güllə yarası alıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti sabitdir və həyatı üçün təhlükə yoxdur.
Ermənistan Konstitusiyasına görə, prezidentliyə namizədlərdən biri üçün dəfedilməz maneələr yarandığı halda, seçkilər iki həftə təxirə salınır. Bu maneələr aradan qaldırılmazsa, yeni seçkilər təyin olunur və səsvermə iki həftəlik müddətdən 40 gün sonra keçirilir.
P.Ayrikyan müalicəsinin uzun çəkəcəyini və ona görə prezident seçkilərini təxirə salmaq üçün müraciət edə biləcəyini vurğulayıb.