Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda “Qafqazın Dünya Rekordları Federasiyası” adlı qeyri-hökumət təşkilatı rəsmi qeydiyyatdan keçib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, federasiyanın rəhbəri “Ginnesin Rekordlar Kitabı”nın 5 qat dünya rekordçusu, Borçalı sakini “maqnit adam” Etibar Budaqlı təyin olunub. Dünya rekordçusu Etibar Budaqlı APA-ya açıqlamasında təşkilatın məram və məqsədləri barədə fikirlərini bildirib: “Mən Ginnesin rekordlar kitabına düşmüşəm. İtaliya, Almaniya və Pekinə səfərlərim olub və bu ölkələrdə də rekordlar əldə etmişəm. Ginnes İnstitutunun mərkəzi olan Londonla əlaqələrim var. Bu, mənə imkan yaradır ki, Ginnesin rekordlar kitabına layiq olan Azərbaycan övladları üçün nə isə bir iş görüm. Buna görə də mən nəinki Gürcüstan, eləcə də Azərbaycanla əlaqələrimi genişləndirmək istəyirəm. Bu istəklə yeni təşkilatı yaratdım və Azərbaycanda olan idmançılarla əlaqə yaratmaq və onların da bu kitaba düşməyinə çalışacam.”
E. Budaqlı gələcəkdə müxtəlif reklamların nümayişində də yaxından iştirak edəcəyini bildirib. O, bu yaxınlarda Şəkidə olduğunu və onun iştirakı ilə Şəki halvasının reklamını nümayiş etdirməyi təklif etdiyini bildirib.
“Maqnit adam” əlavə edərək bildirib ki, o, 22 dilə tərcümə olunan Ginnesin rekordlar kitabını Azərbaycan dilinə tərcümə etdirməyə çalışacaq: “Bu kitab ən çox oxunan və ən çox satılan, çox tirajla nəşr olunan bahalı kitabdır. Azərbaycanlı idmançılarımız bu kitaba üzv olarsa, federasiyamız gələcəkdə bu kitabı Azərbaycan dilinə tərcümə etdirməyi planlaşdırır”.
Etibar Budaqlı APA-ya bildirib ki, o, Ginnesin rekordalar kitabına düşəndən sonra dünyanın bir neçə aparıcı televiziyaları onun yaşadığı Kosalar kəndinə gəlib və onun haqqında sənədli filmlər çəkməyə başlayıblar: “Bu günlərdə isə İngiltərənin “Twentu” televiziya kanalı mənim haqqımda sənədli film çəkməyə başlayıb”.
“Maqnit adam” qeyd edib ki, onda olan bioenerji ilə dünya alimləri də maraqlanıblar: “Avropa və Amerika alimləri mənim bədənimdə olan bioenerjik xüsusiyyətləri araşdırmağa başlayacaq və onlar insanlarda olan xəstəlikləri müalicə etmə qabiliyyətimi təsdiqləyəcək və bu barədə mənə sənəd verəcəklər.”