Bakı. Rüfət Əhmədzadə - APA. Şimali Qafqazda 2014-cü ilin əvvəlindən bəri 160-a yaxın silahlı qruplaşma üzvü zərərsizləşdirilib ki, onlardan 25 nəfəri dəstə başçıları olub və görülən tədbirlər nəticəsində 35 terror aktının qarşısı alınıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Milli Antiterror Komitəsi açıqlama yayıb.
“Şimali Qafqaz bölgəsində aparılan anti-terror əməliyyatları nəticəsində gizli silahlı qruplaşmanın 160-a yaxın üzvü tərəfimizdən öldürülüb. Onlardan 25 nəfəri dəstə başçıları olub”, – deyə məlumatda bildirilib.
Bununla yanaşı, 328 cinayətkar və onlarla əlbir olan şəxslərin saxlanıldığı deyilir.
Qeyd edək ki, bundan əvvəl RF Təhlükəsizlik Şurasının yaydığı hesabatda 2013-cü ildə törədilmiş terror aktlarının 98 faizinin Şimali Qafqazda baş verdiyi qeyd olunmuşdu.