Bakı. Könül Cəfərli - APA. İranın müdafiə nazirinin müavini general-mayor Nəsrullah Kələntəri və başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.
APA-nın məlumatına görə, İranın nümayəndə heyəti bu gün Ermənistanın müdafiə nazirinin müavini David Tonoyanla görüşüb.
N.Kələntəri erməni həmkarı ilə birgə Vazgen Sarkisyan adına Hərbi İnstitutda fars dili bölməsinin açılışında iştirak edib. İnstitutun professor-müəllim heyəti ilə görüşən iranlılar iki ölkənin hərbi ali məktəbləri arasında əməkdaşlığın inkişafı haqqında da müzakirə aparıblar. Daha sonra İranın nümayəndə heyətini Ermənistanın müdafiə naziri Seyran Ohanyan da qəbul edib. Görüşdə İran-Ermənistan arasında əlaqələrin inkişafı, bölgə problemləri və konfliktlərin həlli ilə bağlı məsələlər müzakirə olunub.
İran nümayəndə heyəti səfər çərçivəsində İrəvanda yerləşən Göy məscidi, Qədim Əlyazmalar İnstitutunu və başqa tarixi abidələri də ziyarət edəcək.