Bakı. Rüfət Əhmədzadə – MDB ölkələrinin sərhəd xidmətləri 10 il ərzində 14 mindən çox qanunsuz miqrant saxlayıb və 16 min ton narkotik vasitə müsadirə edib.
APA-nınİTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu MDB ölkələri Sərhəd Qoşunları komandanları Şurasının koordinasiya xidmətinin sözçüsü Aleksandr Davıdov deyib.
O bildirib ki, 2004-cü ildən etibarən 21 müştərək əməliyyat və 22 operativ-profilaktik tədbir həyata keçirilib. Nəticədə 50 mindən çox sərhəd pozucusu saxlanılıb. Saxlanılanların 14 mindən çoxu qanunsuz miqrant olub. Onlardan 1200 nəfər axtarışda olan şəxslər olub. Həmçinin müvafiq zaman kəsiyində 16 min ton narkotik maddə, 1,5 min ədəd silah və ümumi dəyəri 20 milyon dollardan çox olan qaçaqmal müsadirə edilib”.
A. Davıdov əlavə edib ki, hazırda MDB ölkələrinin sərhəd xidmətlərinin silah və texnikası ilə bağlı vahid məlumat bazası yaradılmaqdadır. O, MDB ölkələrinin sərhədlərini keçən üçüncü ölkə vətəndaşlarının vahid qeydiyyat bazasının yaradıldığını da bildirib.