Bakı. Mübariz Aslanov – APA. Belarusda XIII-cü Beynəlxalq kitab sərgisi çərçivəsində “İki ürəyin ahəngi: Belarus-Azərbaycan” kitab seriyasından olan “Xoşbəxt görüş” adlı kitabın, Çingiz Əlioğlunun və Sevinc Nuruqızının belarus dilinə tərcümə olunmuş kitablarının təqdimatı keçirilib.
Belarus Azərbaycanlıları Gənclər Təşkilatından APA-ya verilən məlumata görə, kitabda müasir Azərbaycan və Belarus şair və yazıçılarının rus dilinə tərcümə olunmuş əsərləri yer alıb.
Təqdimatda “Zvyazda” nəşriyyat evinin baş redaktoru və direktoru Aleksandr Karlyukeviç qeyd edib ki Azərbaycan və Balarus uzun müddətdir ki ədəbiyyat sahəsində səmərəli əməkdaşlıq aparır: “Bu gün “Zvyazda” nəşriyyat evinin portalında Azərbaycanın ədəbiyyatı haqqında, görkəmli yazarları və onların əsərləri haqqında məqalələr dərc olunur”.
Azərbaycanın Belarusdakı səfirliyinin ikinci katibi Rüfət İlyasov, “Azərbaycan İcmaları Konqresinin” sədri Natiq Bagirov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev, yazıçı və tərcüməçi Etimad Baskeçid çıxış edərək iki dövlətin müxtəlif sahələrdə davam edən uğurlu əməkdaşlığını vurğulayıblar. Daha sonra tanınmış Belarus şairi Tatyana Sivets tədbirin qonaqlarına “Bakı” poemasını təqdim edib və qeyd edib ki o, “Odlar Yurdu” Azərbaycana bir çox əsərini həsr edib. Tədbirdə BDPU-nun nəznində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəal tələbələri iştirak edib.
Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Salatın Mirzəyeva isə deyib ki, mərkəzdə ölkələrarası xüsusi dialoq yaranıb: “Bu gün Mərkəzin həyatında bir çox belaruslu tələbələr fəal şəkildə iştirak edir, Azərbaycan milli rəqslərini ifa edir, Azərbaycan dilini öyrənir və bizim ölkənin mədəniyyət və tarixinə böyük maraq göstərir. Beləliklə onlar Azərbaycana qarşı olan böyük sevgilərini bildirirlər”.
“Lyegendı Kavkaza” rəqs ansamblı “Uzundərə” azərbaycan milli rəqsini ifa edərək tədbiri bitirib.