Bakı-APA. Martın 2-də Belarusun paytaxtında Ukraynada vəziyyətin nizamlanması üzrə təmas qrupunun görüşü keçiriləcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqların növbəti raundu “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü ərəfəsində baş tutacaq.
Parisdəki görüşdə Ukrayna böhranına dair mühüm qərarların verilməsi gözlənilir. Minskdə Paris danışıqları üçün zəmin hazırlanmasına son cəhd edilməli, eləcə də Ukrayna, Rusiya, Fransa və Almaniya xarici işlər nazirlərinin müzakirə edəcəkləri məsələlər barədə razılığa gəlinməlidir.
Gündəmdə üç əsas məsələnin olacağı gözlənilir: təhlükəsizliklə bağlı problemlər, əsirlərin qaytarılması və Donbasda seçkilərin keçirilməsi.