Bank Of Baku

Moskva bazarlarında “təmizləmə” əməliyyatı gedir - REPORTAJ - FOTOSESSIYA

Moskva bazarlarında “təmizləmə” əməliyyatı gedir - <span style="color: red;">REPORTAJ - FOTOSESSIYA
# 30 iyul 2013 15:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında yerləşən bazarlarda polisin əməliyyatı davam edir. Sənədlərin yoxlanılması adı ilə aparılan yoxlama zamanı 500 nəfərdən çox şəxs saxlanılıb. Paytaxtın “Matveevskiy” bazarında ötən şənbə günü dağıstanlıların polis nəfərini döyməsi bu bazarda bütün qeyri-slavyanların saxlanılmasına səbəb olub. Saxlanılanlar arasında azərbaycanlılar da var. APA-nın Moskva müxbiri polislə dağıstanlılar arasında insidentin baş verdiyi “Matveevskiy” bazarında olub.

 

Bazar demək olar ki, boşaldılıb. OMON-un səhər reydindən sonra bazarda yalnız rusları, belaruslar və ukraynalıları, yəni bir sözlə, slavlayan görkəmli şəxsləri görmək mümkündür. Piştaxtaların çoxu boşdur ya da üstündə ərzaq malları ola-ola satıcısız qalıb. Satıcılar isə hələ də polis şöbələrində saxlanılır. Slavyan satıcılar da bu hadisələrdən narahatdırlar. Onların narahatlığına səbəb bazarların bağlanma təhlükəsidir.

 

Ətrafda yerləşən obyektlərin birində satıcı işləyən Vyaçeslav adlı şəxs bu gün səhər saatlarında bazarda dəhşətli hadisələrin baş verdiyini söyləyir: “Bazara səhər xüsusi təyinatlı polis dəstələri tökülmüşdü. Onlar sənədlərə baxmadan qeyri-slavyan görkəmli şəxsləri zorla avtobuslara mindirib aparırdılar. Heç kəsin ağlamağına, sızlamağına baxmırdılar. İndi də deyirlər ki, bazar tamamilə bağlanacaq. Ötən şənbə baş verən hadisələr bunlar üçün elə bil, bəhanə oldu. Cinayətkar kimdir, onu yaxalasınlar. Yoxsa kimi gəldi, tutub aparırlar”.

 

Bazarda Ukrayna məhsulları satan Yelena adlı qadın da baş verənlərdən çox narahat olduğunu söyləyir: “Bunun adı rasizmdir. Başqa ad vermək olmaz buna. Səhər əlisilahı OMON-çular bir neçə maşınla basqın elədi bazara. Kim rusa oxşamırdı, yarım saat ərzində hamısını tutub apardılar. Qorxurduq ki, onlar bizə atəş açmağa başlayacaqlar. “Qaralar”ın heç birinin sənədlərinə belə, baxmırdılar. Burda işləyən qeyri-slavyan dostlarımızdan elələri vardı ki, bütün sənədləri yerində idi. Onları da tutub apardılar”.

 

Bazarda işləyən rus Valeriya isə əslində dağıstanlının cinayətinin bəhanə olduğunu söyləyir: ”Onların əlinə belə bir bəhanə düşüb. Bu hadisə olmasaydı da, bir şey tapacaqdılar. Dağıstanlı bunlar üçün bir fürsət oldu. İndi bunu əllərində bayraq edib, bütün günahı olan və olmayanı işlərindən edəcəklər”.  

 

Moskvanın digər bazarlarından da eyni xəbərlər gəlir. Paytaxtın “Tyoplıstan” və “Kuznetskiy” bazarlarında da səhər saatlarından OMON-un “təmizləmə” əməliyyatına başlanılıb. Bazarlarda hal-hazırda qeyri-slavyan millətinə məxsus satıcıları görmək qeyri-mümkündür. Səhər saatlarından onların hamısı yerli polis şöbələrinə aparılıb. 

 

Qeyd edək ki, ötən şənbə Moskvanın “Matveevski” bazarında polis şübhəli şəxsi - Maqomed Maqomedovu saxlamaq istəyərkən 20-25 nəfər onlara hücum edib. Nəticədə polis əməkdaşlarından biri başından ağır zərbə alıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

 

Bu hadisədən sonra Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən bütün paytaxt bazarlarında profilaktik əməliyyat tədbirlərinin həyata keçirilməsinə göstəriş verilib.

 

Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, dünən günün ilk yarısında bazarda keçirilən əməliyyatlar zamanı 300 nəfərdən çox şəxs saxlanılıb. Əməliyyat zamanı qafqazlı görkəmində olan bütün şəxslər saxlanılır.

 

Bu günə olan məlumatda isə paytaxt bazarlarına saxlanılanların sayı artıq 500 nəfəri keçib.

 

Bazarda polislərin saxlamaq istədiyi Maqomed Maqomedov yetkinlik yaşına çatmayan qızı zorlamaqda şübhəli bilinir. O, artıq həbs olunub. Bazarda polisi yaralayan şəxslərin də bir neçəsinin artıq saxlanıldığı bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR