Bakı-APA. Moskvanın Dmitrov rayonunun Ramenye qəsəbəsində yanğın baş vermiş psixonevroloji klinikanın bütün pəncərələri dəmir barmaqlıqlarla qapadılmış olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti öz yataqlarında aşkar olunub.
Psixonevroloji klinikada baş vermiş yanğın nəticəsində cəmi 3 nəfər xilas olub – tibb bacısı yanan binadan 2 nəfər xəstəni çıxara bilib. Bu barədə jurnalistlərə Rusiya səhiyyə nazirliyinin mətbuat katibi Oleq Salaqay deyib.
“İlkin məlumata görə, yanğın baş verən zaman binada 41 nəfər olub. Üç nəfər xilas olub: tibb bacısı binadan 2 nəfər xəstəni çıxarmağa macal tapa bilib”, deyə Oleq Salaqay deyib.
**** 07.13
Bakı-APA. İlkin məlumata görə, Moskvanın Dmitrov rayonunun Ramenye qəsəbəsində psixonevroloji klinikada baş vermiş güclü yanğın nəticəsində 38 nəfər ölüb, onlardan ikisi həkimdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya səhiyyə nazirliyi açıqlama verib.
Moskva vilayəti üzrə DİN Baş İdarəsinin mətbuat xidmətindən agentliyə verilən xəbərə görə, yanğına səbəb elektrik naqillərdə baş vermiş qısa qapanma olub.
“Birmərtəbəli binada yanğın qısa qapanma səbəbindən baş verib. Binada olan 38 nəfərdən cəmi 2 nəfər sağ qalıb”, deyə mənbə bildirib.
Hal-hazırda hadisə yerində polis əməkdaşları araşdırma aparır.
**** 06.33
Bakı-APA. Moskvanın Dmitrov rayonunun Ramenskiy qəsəbəsində psixonevroloji klinikada baş vermiş güclü yanğın nəticəsində 36 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, 41 saylı xəstəxanada cəmi 41 adam olub, onlardan yalnız 3 nəfər klinikanı tərk edə bilib.
“İlkin məlumata görə, yanğın nəticəsində 36 nəfərin öldüyü ehtimal olunur, lakin yanğınsöndürənlər hələlik yalnız 12 nəfərin cəsədini aşkar edib”, deyə agentliyə Rusiya FHN-dən məlumat verilib.
Məlumata görə, yanğın bu gün gecə saatlarında, xəstələr yatarkən baş verib.
FHN nümayəndəsi qeyd edib ki, 8 nəfərin cəsədi palatalarda aşkarlanıb, xəstə ehtimal olunan 4 nəfərin yanmış meyiti isə binanın çıxış hissəsində aşkarlanıb. Yəni onlar yanan binanı tərk etməyə çalışıb.
Qeyd edək ki, xəstəxananı tərk etmiş 3 nəfərdən ikisi tibbi heyət üzvü, biri isə xəstə olub.
FHN-də qeyd ediblər ki, ağır nəticələrə səbəb yanğın barədə gec məlumatlandırılma olub. “Yanğın barədə məlumat yerli vaxtla 02.23-də daxil olub, ilk yanğınsöndürənlər hadisə yerinə gəldikdə alov artıq bütün binanı bürümüşdü”, deyə FHN nümayəndəsi qeyd edib.