Moskva. Fərid Əkbərov – APA. “Rusiyanın Ermənistanda hərbi fəallığının artması heç kimə qarşı yönəlməyib”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Rusiya Xarici İşlər Nazirliyində akkreditə olmuş MDB ölkələrinin jurnalistləri ilə görüşündə deyib. O bildirib ki, Rusiyanın Ermənistanda hərbi fəallığının artması Gümrüdə yerləşən hərbi baza ilə əlaqədardır: “Ermənistandakı fəaliyyətimiz bu baza ilə əlaqədardır. Gümrüdəki hərbi baza ilə bağlı bir sıra çalışmalarımız var”.
N. Bordyuja KTMT-nin sülhməramlı qüvvələrinin Suriya probleminin həllində istifadə etmək planının olmadığını da söyləyib: “Bu gün biz KTMT sülhməramlılarının Suriya probleminin həllində istifadə olunması məsələsini müzakirə etmirik. KTMT regional təşkilat olaraq yalnız üzv dövlətlərin ərazilərinin təhlükəsizliyini təmin etmək mövqeyi tutub”.