Moskva. Fərid Əkbərov-APA. “Türkiyənin Suriya ilə sərhəddə yerləşdirdiyi “Patriot” raket sistemləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri üçün hədə deyil”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri KTMT təşkilatının baş katibi Nikolay Bordyuja bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin raket sistemlərini yerləşdirmək Türkiyənin suveren hüququdur: “Düzdür, Rusiya və KTMT NATO-nun “Patriot” raket sistemlərinin Türkiyə-Suriya sərhədində yerləşdirilməsi haqqında qərarına münasibət bildirib. Bizim münasibətimiz o oldu ki, bu raket sisteminin yerləşdirilməsi Suriya münaqişəsinin daha da şiddətlənməsinə, regionda gərginliyin artmasına səbəb ola bilər. Lakin bu qərarı vermək NATO-nun haqqıdır. Bir daha qeyd etmək istəyirəm ki, bu qərar KTMT ölkələri üçün hədə deyil”.