Bakı-APA. Yanvarın 18-də Rusiya Dövlət Dumasında gəlirlərə və əmlaka ikili vergiödəmənin ləğv olunması barədə Rusiya və Ermənistan hökumətləri arasında bağlanmış razılaşmaya aid protokol müzakirəyə çıxarılacaq. “Razılaşmanın bağlanmasında məqsəd iki dövlət arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlığı inkişaf etmək və gücləndirmək, habelə gəlirlərə və əmlaka ikili vergiödəmənin ləğv etmək, vergidən yayınma hallarının qarşısını almaq və vergi diskriminasiyasına yol verməməkdir”, deyə razılaşmaya qoşma sənədlərdə qeyd olunur.
O cümlədən, qeyd olunan razılaşma təşkilatların mənfəətinə və əmlakına tətbiq olunan vergiyə, fiziki şəxslərin gəlirlərinə və əmlakına qoyulan vergiyə şamil olunur.
MDB məsələləri üzrə komitə sədrinin birinci müavini Dmitri Sablinin sözlərinə görə, sənəd vergi nəzarətinin effektivliyinin yüksəlməsinə və vergiödəmələrdə yol verilən sui-istifadə hallarının qarşısını almağa yönəlib.
Xatırladaq ki, yanvarın 14-də Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinə Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafına dair sazişin imzalanması üçün danışıqlar aparmaq göstərişi verib.
Putinin imzaladığı sərəncama əsasən, Rusiya hökuməti Ermənistanla aparılacaq danışıqların yekununa dair müvafiq saziş imzalayacaq.