Moskva. Fərid Əkbərov - APA. Bu il Şimali Qafqazda bir terror aktının qarşısı alınıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.
Onun sözlərinə görə, bu il ərzində Şimali Qafqazda 48 silahlı və onların 300-dən çox yardımçısı saxlanılıb: "Bu il regionda vəziyyətin normallaşması istiqamətində işlər davam edir. Ötən müddət ərzində Şimali Qafqazda bir terror aktının qarşısı alınıb, 48 silahlı və onların yardımçıları olan 328 nəfər saxlanılıb, 95 silahlı neytrallaşdırılıb, o cümlədən içərisində Kabarda-Balkar və Dağıstan dəstəsinin liderləri olan 15 silahlı dəstə başçısı zərərsizləşdirilib", - deyə FTX rəhbəri Milli Anti-terror Komitəsinin iclasında çıxışında qeyd edib.
Bortnikov internetdə terror təbliğatının aparılmasının və gənclərin terrorçu fəaliyyətə cəlb olunmasının qarşısının alınması üçün vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin aktivləşdirilməsinin vacibliyini xüsusi qeyd edib.