Moskva. Fərid Əkbərov -APA. “Türkiyənin Antalya şəhərində həbs edilən Rusiya vətəndaşı 2013-cü ildən ölkəni tərk edib və 2015-ci ilin noyabr ayından İnterpol xətti ilə Rusiya tərəfindən axtarışa verilib”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. O, saxlanılan Rusiya vətəndaşlarının Antalyadakı Rusiya Baş Konsulluğunun əməkdaşları ilə görüşmək istəmədikləri barədə məlumatları şərh edib: “Antalyada saxlanılan şəxslərdən biri 1984-cü il təvəllüdlü Aydar Süleymanovdur. Bu şəxs barədə Tatarıstan Daxili İşlər Nazirliyinin məlumatını oxumaq istəyirəm. Məlumatda bildirilir ki, Aydar Süleymanov Rusiyada fəaliyyəti qadağan edilmiş İŞİD terrorçu qruplaşmasına qoşulub. Ona 2015-ci ilin martında ittiham irəli sürülüb. 2015-ci ilin noyabr ayında Rusiya tərəfindən İnterpol xətti ilə axtarışa verilib. Süleymanov 26 iyul 2013-cü ildə Rusiya ərazisini tərk edib. Onun Rusiyanın rəsmi şəxsləri ilə görüşməkdən imtina etməsinin səbəbi də məhz budur. Bu şəxsin İŞİD-lə əlaqəli olması, İnterpol xətti ilə axtarışda olması hamıya, o cümlədən Türkiyəyə yaxşı məlum idi".