Rusiyalılar MDB respublikaları arasında ən uğurlu və stabil qismində Belarusu və Qazaxıstanı görürlər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya İctimai Rəyi Öyrənən Mərkəzinin (VTsİOM) rusiyalıların MDB ölkələrinə münasibəti ilə bağlı sorğusuna həsr olunan mətbuat konfransında qurumun xüsusi proqram rəhbəri Yelena Mixaylova bildirib.
Onun sözlərinə görə, respondentlər Ermənistanı MDB ölkələri arasında uğurla inkişaf edən və stabil ölkə kimi üçüncü yerdə gördüklərini bildiriblər. Dördüncü yerdə Özbəkistan, beşinci yerdə isə Azərbaycan qərarlaşıb.
Rusdilli əhalinin hüquqlarının qorunması ilə bağlı aparılan sorğunun nəticələrinə görə rusiyalılar bu ölkələr arasında birinci yerdə Belarusu, ikinci Qazaxıstanı, üçüncü yerdə isə Ermənistanı görürlər. Qafqazda ən böyük rus diasporunun olduğu ölkə Azərbaycan isə 5 faiz səslə bu sorğuda beşinci yerdə qərarlaşıb.
Rusiyalıların etibar etdikləri siyasətçilərə gəldikdə isə məlum olub ki, rusiyalıların əksəriyyəti Aleksandr Lukaşenko, Nursultan Nazarbayev və İlham Əliyevə güvənir.
Qeyd edək ki, VTsİOM-un keçirdiyi sorğunun əsas sualları Rusiya vətəndaşlarının MDB ölkələrində baş verən siyasi-ictimai dəyişiklikləri necə qiymətləndirməsi, MDB ölkələrindən hansıları Rusiyanın tərəfdaşı qismində görmək istəmələri, bu ölkələrin liderlərindən hansına daha çox etibar etməsi və hansı ölkədə rusdilli əhalinin hüquqlarının daha yaxşı qorunması ilə bağlı olub.