Moskva. Fərid Əkbərov – APA. “İranla bağlı problemin silah yolu ilə həll edilməsi ideyası çox təhlükəlidir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, İranla müharibəyə başlamaq çox böyük səhv olardı: “Ümid edirik ki, biz bu ssenari ilə qarşılaşmayacağıq. İran regionun əsas tərkib hissəsidir. İransız regionda problemlərin həlli mümkün deyil. O cümlədən, Əfqanıstan və Suriya problemlərinin İransız həlli səhv addımdır”.
S. Lavrov ABŞ-ın Suriya konfliktinin həllində İranın vasitəçiliyindən imtina etməsini də böyük səhv adlandırıb: “Ona görə də, problem hələ də həllini tapa bilmir. İran həm də Fars Körfəzi ölkələrindən biridir. Fars Körfəzinin ərəb ölkələri ilə İran arasında münasibətlər yaxşı deyil. Bu səbəbdən regionda stabillik hökm sürmür. İranı regiondan təcrid etmək çox böyük səhvdir”.