Bakı-APA. “Ermənistanın aqibəti barədə çoxlu neqativ proqnozlar səslənir. Ümumiyyətlə, bir neçə siyasi xadim hesab edir ki, siyasi xadimin işi bu cür ritorikalardan ibarət olmalıdır”. APA-nın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti Serj Sarqsyan İrəvanda seçicilərlə keçirilən görüşdə bildirib.
“Ölkənin məhv olunmasının konkret tarixi də səsləndirilir, lakin mən əminəm ki, əhalinin böyük hissəsi bu cür bəyanatları ciddi qəbul etmir. 90-cı illərdə də Azərbaycan Ermənistanı edəcəyi barədə proqnozlar səsləndirilirdi, xoşbəxtlikdən bu baş vermədi. Ölkəni idarə edə bilməyənlər bəyan edirdilər ki, güzəştə getməsək məhv olacağıq”, deyə prezident bildirib.
Serj Sarqsyan xatırladıb ki, iqtisadi böhran zamanı da qəmgin proqnozlar səslənirdi, bu gün isə miqrasiya ilə qorxuzurlar. O ölkədə miqrasiya probleminin olması ilə razılaşıb, lakin bunun bədxahlıq üçün və həyəcan təbili çalmağa səbəb olmadığını bildirib: “Ermənistan heç vaxt məhv olmayacaq, bu dünyada ən gözəl ölkədir, və o çiçəklənəcək. Öz vətənini sevmirsənsə, bu başqa məsələdir”.
Ermənistan prezidenti qeyd edib ki, seçkilər davamlı işin nəticəsidir. “Seçkilərdə iştirak etmək istəyən şəxsin komandası olmalıdır, təklikdə prezident olmurlar”, deyə prezident opponentlərinə cavab olaraq qeyd edib. “Siyasi qüvvənin seçki məntəqələrinə nümayəndələrini təyin etməyə belə imkanı yoxdur və o bundan sonra hələ hansısa səbəblər axtarır”, deyə o fikrini tamamlayıb.