Bakı-APA. “Ermənistan İranla münasibətlərini dərinləşdirməkdə davam edəcək”. APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanda prezident seçkilərinə namizəd, hazırki ölkə başçısı Serj Sarqsyan İrəvanda seçicilərlə görüşdə bəyan edib.
Onun sözlərinə görə, Ermənistan beynəlxalq sanksiyalara hörmətlə yanaşır, lakin imkan daxilində İranla münasibətlər inkişaf ediləcək. Effektiv əməkdaşlığa nümunə kimi Serj Sarqsyan Araz çayında su elektrik stansiyasının tikintisini qeyd edib. “Biz öz əllərimizlə bizi oksigenlə təmin edən iki mühüm artetiyadan birini kəsə bilmərik. Bu səfehlik olardı”, deyə Serj Sarqsyan vurğulayıb. Ermənistan prezidenti xatırladıb ki, Ermənistan və İranı çoxəsrlik münasibətlər birləşdirir.
Xatırladaq ki, İran və Ermənistan həmsərhəd Araz çayında iki su elektrik stansiyasının tikintisinə başlayıb. Razılaşmaya əsasən, İranın vəsaitləri hesabına tikilən SES-lərdən biri 15 ildən sonra Ermənistanın mülkiyyətinə keçəcək.