Bakı. Rüfət Əhmədzadə - APA. Ukrayna Ali Radasına oktyabrın 26-da keçiriləcək növbədənkənar seçkilərə namizədlərin qeydə alınmasına start verilib.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, prezident Pyotr Poroşenkonun sərəncamı ilə parlamentin buraxılmasından sonra, növbəti seçki kampaniyasının bu gün başladığı, partiyaların öz namizədlərini 15 sentyabra qədər irəli sürə biləcəyi qeyd olunub.
Müstəqil namizədlər isə sənədlərini 25 sentyabr tarixinə qədər Ukrayna Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Sentyabrın 30-da bütün namizədlərin qeydiyyat prosesi yekunlaşacaq.
Beynəlxalq müşahidəçilərin qeydiyyat müddəti isə oktyabrın 18-də başa çatacaq. Seçki bülletenləri 23-24 oktyabr tarixində seçki məntəqələrinə paylanılacaq.
Seçkilərin nəticəsi seçkilərdən ən geci 15 gün sonra, noyabrın 10-a qədər elan olunmalıdır.